Xatırladaq ki, 23.06.2025-ci il tarixdə Aktualinfo.org xəbər portalı “Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma” başlıqlı məqalə yaymışdır. Məqalədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən dövlət satınalmalarında yol verilən bəzi şübhəli məqamlara toxunulmuş, o cümlədən “Region Mühəndislik” MMC-nin fəaliyyəti ilə bağlı daha əvvəllər mediada yer almış xəbərlər yenilənmişdir. Məlumatda adı hallana şirkət, “Region Mühəndislik” MMC-nin rəhbərliyi tərəfindən məqalədə göstərilənlərə münanasibət bildirilmişdir. Şirkət rəhbərliyi ətrəfindən redaksiyamızın elektron poçtuna ünvanlanmış məktubda deyilir:
Son günlər mediada “Region Mühəndislik” MMC-nin əmək qanunvericiliyini pozduğu ilə bağlı yayılan iddialara cavab olaraq şirkət öz rəsmi mövqeyini bildirir. Müəssisə vurğulayır ki, bu məsələdə məhkəmə onların təqsirli olmadığını rəsmən təsdiqləyib və barələrində inzibati xəta tərkibi müəyyən olunmadığı üçün icraata xitam verilib.
Suraxanı Rayon Məhkəməsinin 02.10.2024-cü il tarixli qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin iddiaları əsasında başlanmış inzibati icraat nəticəsində “Region Mühəndislik” MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən olunmamış və işə xitam verilməsi qərara alınmışdır.
Şirkətin vəkili Elsevər Tanrıverdiyev bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin əvvəlki qərarına əsasən, iş əlavə araşdırma üçün müfəttişliyə qaytarılsa da, heç bir əlavə araşdırma aparılmayıb, vətəndaşların yenidən dindirilməsi təmin olunmayıb, izahatlar yenidən alınmayıb. Bununla yanaşı, iş materiallarına notarial qaydada təsdiqlənmiş çoxsaylı ərizələr əlavə olunub ki, bu ərizələrdə adı çəkilən şəxslər şirkətlə heç bir əmək münasibətinin mövcud olmadığını açıq şəkildə bəyan ediblər.
Qeyd edək ki, mediada yayılmış bəzi məlumatlarda “Region Mühəndislik” MMC-nin qanunsuz işçi çalışdırdığı iddia edilsə də, məhkəmə sübutların qeyri-kafiliyi və hüquqi pozuntu əlamətlərinin olmaması səbəbilə şirkəti təqsirli bilməmişdir.
Şirkət bildirir ki, hüquqi dövlətdə fəaliyyət göstərən bütün kommersiya subyektləri kimi onlar da qanunlara riayət edir və hüquqi mübahisələr yalnız müvafiq məhkəmə qərarları ilə qiymətləndirilməlidir. Bu səbəbdən “Region Mühəndislik” MMC barəsində ictimaiyyətə təqdim edilən məlumatların mənbəsi dəqiqləşdirilmədən yayımlanması onların işgüzar nüfuzuna xələl gətirir.
Sonda şirkətin çağırış edir: “Media orqanlarını obyektiv və qərəzsiz yanaşmaya dəvət edir, yalnız məhkəmə qərarlarına əsaslanan məlumatların ictimailəşdirilməsini vacib sayırıq. Qeyd olunan hallarda isə hüquqi cəhətdən aydın qərar artıq verilib – biz təqsirli deyilik.”
Qeyd edək ki, “Region Mühəndislik” MMC tərəfindən redaksiyamızın elektron poçtuna ünvanlanmış məktubda Suraxanı Rayon Məhkəməsinin 02.10.2024-cü il tarixli qərarı da əlavə edilmişdir. Qərarda göstərilir ki, “Region Mühəndislik” MMC-nin (VÖEN 1904560421) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanmış inzibati icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin.