Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ukraynada davam edən müharibəni müzakirə edib. Bu danışıqlardan sonra Türkiyə lideri bildirib ki, tərəflər ikitərəfli görüşə “hələ hazır deyillər”.
Bu barədə “Reuters” məlumat yayıb.
Ərdoğan qeyd edib ki, Putinlə Çindəki görüşü və Zelenski ilə telefon danışığı zamanı Ukraynada müharibəyə son qoymağın yollarını müzakirə edib və aydın olub ki, tərəflər liderlərin görüşünə “hələ hazır deyil”.
Ərdoğan deyib ki, Türkiyə əvvəldən ardıcıl olaraq Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həll oluna biləcəyi mövqeyini qoruyub: “İstanbuldakı danışıqlar bu yolun açıq olduğuna ən bariz sübutdur. Biz sülh ümidini konkret, həll yönümlü nəticələrə çevirməliyik. Bunun üçün biz rəhbərlik səviyyəsində bu məsələni həll etməliyik. Biz cənab Putinin son Alyaska sammitindən gəldiyi nəticəni və bu görüşlərlə bağlı fikirlərini təhlil etdik. Onun ABŞ Prezidenti Donald Trampla görüşü əhəmiyyətli idi.
Biz cənab Putinin bu məsələlərlə bağlı fikirlərini öyrənməyə çalışdıq, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir neçə telefon danışığı aparmışıq. Bu görüşlər zamanı cənab Zelenskinin cənab Putinə münasibətdə mövqeyini anlamaq imkanımız oldu.
Alyaska sammitinin nəticələrini yenidən nəzərdən keçirmək imkanımız da oldu. Mən həm cənab Zelenskinin, həm də cənab Putinin yanaşmalarını müsbət hesab edirəm. İstanbul prosesinin Türkiyədə davam etdirilməsi təşəbbüsünün mümkünlüyünü təklif edəndə o, “Niyə də olmasın?” deyə cavab verdi. Lakin onlar hələ buna hazır deyillər”.
Türkiyə lideri deyib ki, Rusiya və Ukrayna rəsmiləri arasında son aylar İstanbulda aparılan danışıqlar sülhə gedən yolun açıq qaldığını göstərib. Türkiyə sülhə olan ümidləri konkret nəticələrə çevirmək üçün “danışıqların səviyyəsinin tədricən yüksəldilməsi”nin tərəfdarıdır və əlavə edir ki, şərtlər hələ müəyyən edilməsə də, istənilən təşəbbüs sonda liderlər səviyyəsində nəzərdən keçirilməlidir.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Vladimir Putinlə danışıqlar aparıb. Onlar görüş zamanı Ukraynadakı müharibə məsələsini də müzakirə ediblər. /azpolitika.info
