ABŞ konqresmeni Co Uilson Rusiya PUA-larının Polşanın hava məkanını pozmasından sonra ABŞ Prezidenti Donald Trampı qətiyyətli olmağa, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə və Ukraynaya silah tədarükünü gücləndirməyə çağırıb.
Xarici KİV xəbər verir ki, konqresmen Uilson Rusiyanın hərəkətini “müharibə aktı” adlandırıb
“Prezident Trampın Ağ Evdə Polşa Prezidenti Navrotski ilə görüşündən bir həftə keçməmiş Rusiya NATO müttəfiqi Polşaya İranın “Şəhed” PUA-ları ilə hücum edir. Bu, müharibə aktıdır”, – deyə o, bildirib.
O, NATO müttəfiqlərinə operativ reaksiyalarına görə təşəkkür edib və Vladimir Putinin hərəkətlərini “müharibə cinayətkarının əsassız təcavüzü” adlandırıb. Konqresmen vurğulayıb ki, cavab “Rusiya hərbi maşınını iflas edəcək sanksiyalar və Ukraynanı Rusiyanı vura biləcək silahlarla təmin etmək” olmalıdır.
Uilsonun sözlərinə görə, Putin artıq Ukraynaya təcavüzlə məhdudlaşmır: “O, birbaşa NATO ərazisində bizim qətiyyətimizi sınayır. Putin deyib ki, Rusiya sərhəd tanımır. Azad və firavan ölkələr Rusiyaya sərhədlərin nə olduğunu göstərəcək”.
Lakin konqresmen Uilsondan fərqli olaraq, Tramp susmağa üstünlük verib. ABŞ-nin indiki prezidenti Polşa səmasındakı Rusiya PUA-ları ilə bağlı xəbəri şərh etməkdən imtina edib. Jurnalistlərin Rusiya PUA-larının Polşanın hava məkanını pozmasından xəbəri olub-olmaması ilə bağlı sualına Amerika Prezidenti heç bir cavab verməyib. /azpolitika.info
