Rusiya-Ukrayna müharibəsinin başlamasından rəsmən 1577 gün ötür. Bu göstərici ilə cari müharibə həm Birinci Dünya Müharibəsini, həm də İkinci Dünya Müharibəsini davametmə müddətinə görə geridə qoyub.
“Mediazona” və “BBC”nin Rus xidməti könüllülər qrupu ilə birgə apardıqları araşdırmada Rusiya ordusunun rəsmi olaraq adbaad təsdiqlənmiş itkilərinin sayını açıqlayıb. Açıq mənbələr (yerli administrasiyaların bəyanatları, sosial şəbəkələrdə qohumların paylaşımları və qəbiristanlıq məlumatları) əsasında aparılan monitorinqə görə, müharibədə ən azı 227 min 680 rusiyalı hərbçinin öldüyü dəqiqləşdirilib. Ekspertlər real itkilərin bu rəqəmdən qat-qat çox olduğunu vurğulayırlar.
Araşdırmaya görə, cəbhədə həlak olanların sosial qruplar üzrə bölgüsü Rusiya ordusundakı daxili mənzərəni aydın nümayiş etdirir:
Öz xoşu ilə müqavilə imzalayıb cəbhəyə gedənlər itkilərin ən böyük hissəsini təşkil edir – 83 384 nəfər.
Həbsxanalardan cəbhəyə cəlb olunanlar arasında ölüm sayı – 25 662 nəfər.
Ölkədaxili qismən səfərbərliklə orduya çağırılanlar – 19 149 nəfər.
Rusiya ordusu və digər güc strukturlarının 7 200-dən çox zabiti məhv edilib. Onların arasında 15 general (5 general-leytenant, 7 general-mayor, 2 istefada olan general və Rusiyaya qaçan 1 keçmiş Ukrayna Təhlükəsizlik Xidməti generalı) var.
Regional baxımdan itkilərin sayına görə Rusiyanın Başqırdıstan və Tatarıstan respublikaları liderlik edir.
Statistika göstərir ki, Rusiyanın hərbi itkiləri hər il həndəsi silsilə ilə artır. 2023 və 2024-cü illərdə qeydə alınan ölüm halları əvvəlki illərin göstəricilərini ən azı iki dəfə üstələyib. İtkilərin ən pik nöqtəsi isə hər ilin dekabr aylarına təsadüf edib.
Maraqlı məqam odur ki, ümumi itkilər fonunda zabitlərin payı kəskin şəkildə azalır. Müharibənin əvvəlində ümumi itkilərin 10%-ni zabitlər təşkil edirdisə, son dövrlərdə bu göstərici 2-3%-ə qədər düşüb ki, bu da Rusiya ordusunda peşəkar komandir heyətinin sıradan çıxdığını göstərir.
Müstəqil nəşrlərin reyestr məlumatlarına əsaslanan digər hesablamalarına görə, Rusiyanın Ukraynadakı xalis ölüm sayı 350 min nəfər civarındadır. Lakin Qərb kəşfiyyatının son hesabatları rəqəmlərin daha dəhşətli olduğunu ortaya qoyur:
Niderland kəşfiyyatı Rusiyanın müharibədəki ümumi daimi itkilərinin (ölən və ağır yaralanaraq sıradan çıxanlar) 1.2 milyon nəfərə çatdığını, onlardan yarım milyondan çoxunun birbaşa öldüyünü bəyan edib. Britaniyanın rəsmi kəşfiyyat və kibertəhlükəsizlik agentliyinin rəhbəri Enn Kist-Batler rəsmi Londonda keçirdiyi brifinqdə Rusiyanın təkcə ölü olaraq itkisinin yarım milyona yaxınlaşdığını təsdiqləyib.
Ekspertlər qeyd edirlər ki, Rusiya hazırda cəbhədə əsgərləri yeni müqaviləli hərbçilər toplamaq sürətindən daha sürətlə itirir və bu da yaxın gələcəkdə Kremli yeni bir səfərbərlik dalğasına məcbur edə bilər.
