Azərbaycanda geniş istifadəçi kütləsinə malik olan “Temu” platforması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırmaya başlanılıb. Araşdırma şirkətin qiymət siyasətində rəqabət qanunvericiliyini pozub-pozmaması ilə bağlı iddiaları əhatə edir. Hazırda hüquqi proses davam etdiyindən yekun qərar açıqlanmayıb. Bununla yanaşı, platformadan alış-veriş edən vətəndaşlar araşdırmanın sifarişlərin çatdırılmasına və xidmətlərin davamlılığına mümkün təsiri ilə maraqlanırlar.
“Temu” ilə bağlı başladılan araşdırma platformanın Azərbaycandakı fəaliyyətinə və istifadəçilərin sifarişlərinə təsir göstərə bilərmi?
Rəqabət qanunvericiliyinin pozulması təsdiqlənərsə, bunun şirkət və istehlakçılar üçün hansı hüquqi və iqtisadi nəticələri ola bilər?
Bu barədə danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli deyib ki, hazırda aparılan araşdırmanın özü avtomatik olaraq “Temu”nun Azərbaycandakı fəaliyyətinin dayandırılması və ya vətəndaşların sifarişlərinin çatdırılmasının dayanacağı anlamına gəlmir.

Onun sözlərinə görə, hüquqi baxımdan araşdırma ilə yekun qərar fərqli mərhələlərdir. Araşdırma şirkətin qiymət siyasətinin rəqabət qanunvericiliyinə uyğun olub-olmadığını müəyyən etmək məqsədi daşıyır və yekun nəticə açıqlanana qədər platforma adətən fəaliyyətini davam etdirə bilir:“Bu baxımdan, hazırda platformadan sifariş verən istehlakçıların gündəlik istifadə baxımından ciddi dəyişiklik hiss etməsi ehtimalı yüksək deyil. Sifarişlərin çatdırılması, ödənişlər və digər xidmətlər, bir qayda olaraq, hüquqi qərar qəbul olunana qədər əvvəlki qaydada davam edir. Yalnız araşdırma nəticəsində ciddi qanun pozuntuları müəyyən edilərsə və məhdudlaşdırıcı qərarlar qəbul olunarsa, bu, şirkətin fəaliyyət modelinə təsir göstərə bilər.
Əgər araşdırma nəticəsində “Temu”nun rəqabət qanunvericiliyini pozduğu təsdiqlənərsə, şirkətə müxtəlif hüquqi tədbirlər tətbiq oluna bilər. Bunlara maliyyə sanksiyaları, müəyyən kommersiya praktikasının dəyişdirilməsi barədə göstərişlər, istehlakçıları çaşdıran reklam və ya qiymət siyasətinin dayandırılması kimi tədbirlər daxil ola bilər. Yalnız çox ağır və sistemli pozuntular aşkar edilərsə, fəaliyyətin məhdudlaşdırılması ilə bağlı daha sərt qərarlar gündəmə gələ bilər. Lakin bu, adətən sonuncu və istisna tədbir hesab olunur”.
A.Nəsirli qeyd edib ki, iqtisadi baxımdan belə araşdırmaların əsas məqsədi hər hansı şirkəti bazardan çıxarmaq deyil, bazarda ədalətli rəqabəti təmin etməkdir:“Əgər platformanın süni şəkildə çox aşağı qiymətlərlə bazar payını artırdığı və bunun rəqiblərin fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyən edilərsə, qiymət siyasətinin dəyişdirilməsi tələb oluna bilər. Bu halda bəzi məhsullar üzrə qiymətlər əvvəlki dövrlə müqayisədə arta bilər, çünki şirkət aqressiv endirim strategiyasını davam etdirə bilməyəcək.
İstehlakçılar üçün isə nəticələr ikitərəfli ola bilər. Bir tərəfdən, həddindən artıq aşağı qiymətlər və böyük endirim kampaniyaları azalarsa, bəzi məhsulların qiyməti yüksələ bilər. Digər tərəfdən, bazarda daha sağlam rəqabət mühiti formalaşarsa, uzunmüddətli perspektivdə həm yerli, həm də xarici platformalar arasında daha bərabər rəqabət yaranar və istehlakçıların seçim imkanları genişlənər”.
Ekspert vurğulayıb ki, bu araşdırma yerli elektron ticarət bazarı üçün də əhəmiyyətlidir: “Son illərdə xarici platformaların sürətlə böyüməsi yerli onlayn satıcılar üçün ciddi rəqabət yaradıb. Əgər bütün bazar iştirakçıları eyni qaydalara tabe olarsa, bu, yerli biznes subyektlərinin rəqabət imkanlarını müəyyən qədər yaxşılaşdıra bilər. Lakin tənzimləmə elə aparılmalıdır ki, nəticədə istehlakçıların seçim imkanları məhdudlaşmasın və bazarda rəqabət zəifləməsin.
Nəticə etibarilə, hazırkı mərhələdə araşdırmanın başlanması “Temu”nun Azərbaycandakı fəaliyyətinin dərhal dayandırılacağı və ya sifarişlərin çatdırılmasında problemlər yaranacağı anlamına gəlmir. Bununla belə, qanun pozuntusu sübuta yetirilərsə, şirkət qiymət siyasətini dəyişməyə, maliyyə sanksiyaları ödəməyə və rəqabət qaydalarına uyğun fəaliyyət göstərməyə məcbur edilə bilər. Belə araşdırmaların əsas məqsədi istehlakçıların maraqlarını qorumaqla yanaşı, bazarda ədalətli və şəffaf rəqabət mühitini təmin etməkdir”./azpolitika.info
