Dünya yeni bir virus təhlükəsi – Ebola ilə üz-üzədir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Ebola virusunun Bundibuqyo variantının yayılması ilə bağlı Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Komitənin iclasında çıxışında deyib. O, Konqo Demokratik Respublikasında (KDR) yayılan Ebola epidemiyasının beynəlxalq miqyasda yayılma riskinin yüksək olduğunu bildirib.
ÜST rəhbərinin sözlərinə görə, hazırda KDR-nin 6 əyalətində və 55 səhiyyə rayonunda təxminən 5 min nəfər yoluxub, 2300-dən çox insan isə həyatını itirib.
Professor Adil Qeybulla açıqlamasında Ebolanın təhlükəli bir virus olduğunu bildirib:

“Bu hemorragik qızdırmalar sinifinə aiddir. Xəstəlik həqiqətən də çox ağır gedişə malikdir və çox vaxt ölümlə nəticələnir. Bir məsələ var ki, Ebola virusu hələlik hava damcı yolu ilə keçmədiyinə görə onun geniş yayılması və pandemiya törətməsi ehtimalı yoxdur. Amma bu nəzarətdən çıxsa, tədbirlər görülməsə, vəziyyət daha kritik olar. Hər halda karantin qaydalarının pozulması, insanların miqrasiyası təmasları, gigiyenik qaydaların gözlənilməməsi buna daha çox rəvac verə bilər”.
Adil Qeybullanın sözlərinə görə, qloballaşan dünyada ÜST moderator rolunu oynaya bilmir:
“Çünki bütün dəyərlər dəyişib. Ən azı heç bir mərkəzləşmiş quruma dünya ölkələrinin hamısı tabe olmur. Ayrı-ayrı ölkələrdə müxtəlif idarəçilik üsulları var, bunları tam tənzimləməkdə mümkün deyil. Ona görə də belə bir vəziyyət yaranıb. Bütün aparıcı dünya ölkələri, elmi-tədqiqat institutları, aparıcı mərkəzlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsi əsasında hərəkət etməlidirlər. Əgər bu belə olsaydı, bəlkə də COVİD pandemiyası bu qədər dəhşətli olmayacaqdı. Düşünürəm ki, təhlükə var, amma tədbirlər görülməlidir. Keçid zonalarında nəzarət gücləndirilməlidir. Xəstə aşkar edilərsə, dərhal izolasiya tədbirləri görülməli və onunla təmasda olanlar dərhal karantinə alınmalıdır”./Qaynarinfo.az
