ABŞ-a səfərə gedən Çin lideri Si Cinpinin Donald Tramp tərəfindən aeroportda qarşılanması, həmçinin bundan bir neçə gün öncə Çin Baş nazirinin müavini Xe Lifeng ilə ABŞ maliyyə naziri Skott Bessentin Nyu-Yorkda apardıqları danışıqların 8 saat davam etməsi iki ölkə arasında qlobal miqyasda hansısa razılaşmalara gəlinəcəyinin əlaməti kimi dəyərləndirilə bilər. Əslində, bu görüşün necə yekunlaşmasından asılı olmayaraq, hər iki tərəf, demək olar ki, öz geostrateji yollarını müəyyənləşdirib və sadəcə olaraq rəqabət sakit tərzdə davam edir.
Donald Trampın necə siyasət yürütməsi üzərindən strateji təhlil aparmaq çətindir, çünki o, standartdan kənar davranır. Amma Çinə qarşı siyasətdə Bayden də Trampın siyasətini davam etdirirdi, sadəcə olaraq üslublar fərqli idi. ABŞ tədricən Çindən idxalı azaltmağa yönəlmiş siyasət yürüdür. ABŞ şirkətləri Çindən kənarda yeni alternativ təchizatçılar axtarmağa başlayıblar. Bu baxımdan Vyetnam, Kamboca, İndoneziya, Malayziya və Hindistan ABŞ-a məhsul ixrac etməli və Çini bir çox sahələrdə əvəzləməlidir.
Pekin texnoloji və sənaye imkanları ilə yanaşı, kritik metalların emalı üzərindəki inhisarçı mövqeyindən təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Bu, hələlik güclü mövqedir, amma ABŞ bu inhisarın tədricən zəiflədilməsi üçün xüsusi tədbirlər görür və nadir elementlərin emalını öz ərazisində genişləndirməyi planlaşdırır. Artıq bu istiqamətdə ciddi işlər gedir.
Dünyanın yeni qlobal nizama salınması prosesində ABŞ və Çinin geostrateji mərkəzlər olacağı şübhə doğurmur. Amma yeni qlobal konfiqurasiyada kimin daha güclü və aparıcı mərkəz mövqeyində qərarlaşması uğrunda ciddi mübarizə gedir və bu mənada Avropanın mövqeyi həlledici olacaq.
Avropa bir tərəfdən ABŞ-ın əsas təhlükəsizlik tərəfdaşı olaraq qalsa da, qlobal iqtisadiyyatda azad ticarət sayəsində Avropa İttifaqı Çinlə əlaqələri xeyli genişləndirib. Avropa İttifaqı nə qədər siyasi-iqtisadi birlik nümayiş etdirsə də, hər halda bu birlik ABŞ və Çindən fərqli olaraq vahid idarəetmə mərkəzinə bağlı deyil. Avropa Birliyi əsasən Almaniya və Fransa üzərində köklənib və milli dövlətlərin maraqları son dövrlər özünü daha qabarıq şəkildə büruzə verməyə başlayıb.
Avropa İttifaqı Ümumdünya Ticarət Təşkilatının azad ticarət şərtlərinə tam əməl etməklə öz daxilində Çinə böyük imkanlar verir. Donald Tramp Avropanın da Çinlə ticarətdə proteksionist siyasət yürütməsini tələb edir. Avropa ABŞ naminə Çinlə iqtisadi münasibətlərini korlamaq istəməsə də, artıq Almaniya Çinlə ticarətin acı nəticələri ilə qarşılaşır. Almaniya uzun müddət Çini öz mallarının əsas ixrac bazarı kimi görürdü. Bundan əlavə, Almaniya şirkətləri məhsullarının daha ucuz başa gəlməsi üçün istehsal müəssisələrini Çinə köçürmək qərarına gəlmişdilər.
Çin isə həmişə onlardan öz texnologiyalarını çinli mütəxəssislərlə bölüşməyi tələb edib. İstər ABŞ, istərsə də Avropa şirkətləri mənfəət əldə etmək üçün bu tələblərlə razılaşmışdılar. Nəticədə çinlilər öz ölkələrində ABŞ və Avropanın müxtəlif istehsal texnologiyalarını öyrəndilər. Bu illər ərzində Çin mütəxəssisləri böyük inkişaf yolu keçdilər və ümumi yekunda ən böyük ziyanı da əsasən Almaniya sənayesi gördü. İndi artıq Çin öyrəndiyi hər şeyi daha ucuz qiymətə bütün dünyaya, eləcə də Avropa bazarına çıxarmağa başlayıb.
Avropa İttifaqı ilə Çin arasındakı ticarətdə çox böyük mənfi saldo əmələ gəlib. Keçən ilin statistikasına görə, Aİ Çinə 200 milyard avro dəyərində mal ixrac etdiyi halda, Çindən təxminən 560 milyard avroluq mal alıb və beləliklə, 360 milyard avroluq ticarət kəsiri yaranıb. Xidmət sahəsində təxminən 22 milyard avroluq müsbət saldo olsa da, yuxarıda qeyd edildiyi kimi, bunun alman şirkətlərinin Çindəki müəssisələr üçün mühəndislik və konsaltinq xidmətlərindən qaynaqlandığı və müvəqqəti xarakter daşıdığı bildirilir.
Əgər Avropanın ən güclü ölkəsi olan Almaniyaya nəzər yetirsək, mənzərə daha da aydınlaşar. Almaniyanın Çinlə ticarətində isə kəsir daha qabarıqdır. Almaniyanın Çinə ixracatı 82 milyard avro təşkil etdiyi halda, onun Çindən aldığı malların dəyəri 172 milyard avro olub ki, bu da təxminən 90 milyard avroluq mənfi saldoya bərabərdir.
Almaniyanın sənayesi çox böyük və yüksək texnoloji bazaya malikdir. Çin Almaniya üçün eyni vaxtda nəhəng satış bazarı, ucuz və geniş təchizat mənbəyi olmaqdan çıxaraq yeni güclü texnoloji və istehsal rəqibinə çevrilib. Almaniya özünü illər ərzində elə bir çətin duruma salıb ki, onun nəhəng bazardan nəinki çıxması, hətta ticarət balansında tarazlıq yaratması belə müşküləşib. Amma almanlar onu da yaxşı anlayırlar ki, bu belə davam edə bilməz və Çində ilişib qalmaları təchizat baxımından asılılığı daha da artıra bilər. Ona görə də vəziyyət son dərəcə mürəkkəbdir.
Deməli, bu gün Brüsselin qarşısında olduqca çətin tarixi məsələ dayanır. Brüssel Avropanı vahid birlik halında saxlamaq üçün həm ABŞ-la ticari, iqtisadi və texnoloji əməkdaşlığı davam etdirməli, həm Vaşinqtonun tariflərinin neqativ təsirlərini dəf etməli, həm də Çin məhsullarının Avropa bazarını zəbt etməsinin yaratdığı problemlərə qarşı tədbir görməlidir. Avropa qarşısındakı problemləri həll edə bilsə, bərabərhüquqlu qlobal güc mərkəzlərindən birinə çevriləcək, əks halda isə Çin və ABŞ arasında dayanmış zəif halqa rolunu oynayacaq.
Çin ABŞ-la rəqabət aparmaq üçün qlobal siyasət və ticarətlə yanaşı, öz valyutasının dünya miqyasında daha güclü mövqeyə çıxarılmasının vacibliyini anlayır. Çünki iqtisadiyyatın istehsal tərəfi ilə yanaşı, onun maliyyə-bank sistemi də ayrılmaz bir bütövlük təşkil etməlidir.
Hazırda ABŞ-Çin rəqabətinin davam etməsi nəticəsində dünyanın iqtisadi baxımdan iki ayrı bloka bölünməsi ilə yanaşı, çoxmərkəzli sistemin yaranması da ehtimal olunur. Belə hesab etmək olar ki, yeni dünya nizamında ABŞ və Çin əsas güc mərkəzləri olmaq şərtilə, Avropa İttifaqı, Hindistan, Yaponiya, Kanada və Avrasiyadakı digər iri güclərin onlar arasında manevr etmək imkanları artacaq. Avropa İttifaqı ilə Kanadanın real güc nümayiş etdirəcəkləri təqdirdə dünyanın üç böyük mərkəzə ayrılması da mümkündür.
Bütün bunlarla yanaşı, qlobal nəqliyyat yollarının təhlükəsizliyi və siyasi sabitlik ABŞ, Çin, Avropa və digər güc mərkəzləri arasındakı rəqabətin mühüm elementlərindən biri olacaq. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik ocaqları istər enerji, istərsə də ərzaq təhlükəsizliyi məsələsində Avropa ilə Asiya arasındakı nəqliyyat marşrutlarının geosiyasi əhəmiyyətini daha da artırıb. Ona görə də ABŞ və Çin danışıqlarının müzakirə diapazonu çox genişdir və tərəflərin hələ tam yekdil fikrə gəlmələrinə xeyli vaxt var./azpolitika.info
