Şirvan Peşə Liseyində kadr təyinatları, vəzifə bölgüsü və dərs yükünün paylanması ilə bağlı redaksiyamıza bir sıra məlumatlar daxil olub. Redaksiyaya daxil olan məlumatlarda lisey direktoru Vasif Eyvazovun vəzifəyə təyin olunmasından sonra uzun illər həmin təhsil müəssisəsində çalışan bəzi əməkdaşların işdən çıxarıldığı və yeni kadrların vəzifələrə gətirildiyi iddia olunur.
Lakin əsas suallar yeni təyinatlarla bağlıdır. Tədris şöbəsinin müdiri texnoloqdur?
Məlumata görə, liseyin tədris şöbəsinin müdiri Könül Səmədova Gəncə Texnologiya Universitetini bitirib və ixtisasca texnoloqdur. Onun pedaqoji təcrübəsinin olmadığı və müvafiq imtahan mərhələsindən keçmədiyi də iddia edilir. Əgər bu məlumatlar doğrudursa, ortaya kifayət qədər ciddi sual çıxır:
Tədris şöbəsinin müdiri vəzifəsinə təyin olunmaq üçün müəyyən edilən təhsil, ixtisas və iş təcrübəsi tələbləri K.Səmədovaya necə tətbiq edilib? Onun diplomunda göstərilən ixtisas tutduğu vəzifənin tələblərinə uyğundurmu? Vəzifəyə təyin olunarkən müsabiqə, imtahan və ya digər seçim proseduru keçirilibmi? Əgər keçirilibsə, nəticələr niyə ictimaiyyətə açıqlanmasın?
Direktor müavini və həyat yoldaşı eyni liseydə
Redaksiyaya daxil olan digər məlumat direktor müavini Arifə Qasımova ilə bağlıdır. İddiaya görə, A.Qasımovanın həyat yoldaşı da həmin təhsil müəssisəsində müəllim kimi çalışır. Burada da sual yaranır: rəhbər vəzifədə çalışan şəxslə onun həyat yoldaşının eyni təhsil müəssisəsində işləməsi hansı qaydalarla tənzimlənir? Belə əmək münasibətlərinin qarşısını alan və ya onların şəffaflığını təmin edən hər hansı məhdudiyyət varmı?
Bu suala da aidiyyəti qurumların aydın cavab verməsi vacibdir.
Dərs saatları kimə və hansı meyarla verilir?
Məlumatlarda liseydə dərs yükünün bölüşdürülməsi ilə bağlı da narazılıqların olduğu bildirilir. İddialara görə, bəzi müəllimlərə əlavə dərs saatlarının verilməsində obyektivlik prinsipi pozulur və müəyyən şəxslərə üstünlük verilir. Daha ciddi iddialardan biri isə K.Səmədovanın adına müəyyən dərs saatlarının yazıldığı, lakin həmin dərslərin faktiki olaraq onun tərəfindən keçirilmədiyi barədədir. Həmçinin bəzi dərslərin magistratura təhsili alan şəxslər tərəfindən aparıldığı iddia olunur. Əgər bu iddialar təsdiqini taparsa, artıq söhbət yalnız dərs bölgüsündən deyil, rəsmi sənədlərdə göstərilən dərs yükü ilə faktiki tədris arasında uyğunluğun olub-olmamasından gedir. Bu məsələnin də müvafiq sənədlər əsasında araşdırılmasına ehtiyac var.
Müsahibə və imtahan sualı
Redaksiyaya daxil olan məlumatlarda Gülçöhrə adlı əməkdaşla bağlı da iddialar səsləndirilir. Məlumata görə, onun müvafiq müsahibə və ya imtahan mərhələsindən keçmədiyi, tələb olunan iş təcrübəsinə malik olmadığı iddia edilir. Buna baxmayaraq, onun liseydə mühasib kimi çalışdığı bildirilir. Burada da suallar açıqdır: İşə qəbul hansı prosedurla həyata keçirilib? Namizədin təhsil və iş təcrübəsi hansı sənədlərlə təsdiqlənib? Müsahibə və ya imtahan tələb olunurdusa, bu mərhələdən keçirilibmi?
Əsas məsələ: kim nəzarət edir?
Şirvan Peşə Liseyində səsləndirilən bu iddialar ayrı-ayrı əməkdaşların fəaliyyətindən daha geniş bir məsələni gündəmə gətirir: Peşə təhsili müəssisələrində kadrlar hansı meyarlarla seçilir, vəzifələrə təyinatlara kim nəzarət edir və dərs yükünün bölüşdürülməsində şəffaflıq necə təmin olunur? Əgər bütün təyinatlar və əmək münasibətləri qanunvericiliyə uyğun həyata keçirilibsə, bunu təsdiqləyən sənədlər və prosedurlar suallara aydınlıq gətirə bilər. Əks halda isə, yeni suallar yaranacaq.
Təhsil müəssisəsində vəzifə və dərs yükünün müəyyənləşdirilməsində peşəkarlıq, təcrübə və şəffaflıq əsas meyarlardırmı?
Redaksiya xüsusi olaraq qeyd edir ki, materialda səsləndirilən məlumatlar iddia xarakterlidir və aidiyyəti qurumların rəsmi mövqeyi ilə dəqiqləşdirilməlidir./Təhsilmedia.com
