Şirkətlər kontragent seçərkən yalnız müqavilə və elektron qaimə-fakturaya deyil, əməliyyatın faktiki icrasını təsdiqləyən sənədlərə də diqqət yetirməlidirlər.
Bizneslər üçün tövsiyə olunan qabaqlayıcı tədbirlər sırasında kontragentin vergi məlumatlarının yoxlanılması, malın təhvilini təsdiqləyən sənədlərin saxlanılması və xidmətlərin icrasına dair sübutların toplanması xüsusi əhəmiyyət daşıyır.
Sahibkarlar müqavilə bağlamazdan əvvəl qarşı tərəfin VÖEN-ini, hüquqi statusunu, fəaliyyət vəziyyətini və açıq mənbələrdə mövcud olan vergi məlumatlarını yoxlamalıdırlar. Elektron qaimə-faktura sistemində risk xəbərdarlıqlarına da diqqət yetirilməsi tövsiyə olunur.
Mal alqı-satqısı zamanı təhvil-təslim aktları, anbar sənədləri, yük və logistika sənədləri saxlanılmalıdır. Ödənişlərin bank vasitəsilə həyata keçirilməsi və ödəniş təyinatlarının müqavilə münasibətinə uyğun yazılması da vacib məsələlərdəndir.
Böyük və qeyri-adi əməliyyatlar üzrə vergi və hüquq funksiyalarının müqavilə bağlanmazdan əvvəl prosesə cəlb edilməsi də şirkətin hüquqi mövqeyini gücləndirə bilər.
