Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsin son aldığı əməkhaqqı arasındakı birbaşa əlaqənin aradan qaldırılmasıdır.
Hazırda dövlət qulluqçularının pensiyası qulluq stajı və son dövrdə aldıqları dövlət məvacibi nəzərə alınmaqla hesablanır. 15 il dövlət qulluğu stajı üçün orta dövlət məvacibinin 50 faizi, 15 ildən artıq hər il üçün isə əlavə 3 faiz nəzərdə tutulur və bu göstərici maksimum 80 faizə çata bilir. Bu mexanizm uzun müddət dövlət qulluğunda çalışan və yüksək vəzifələr tutan şəxslərin pensiyasının yüksək formalaşmasına imkan verir.
Yeni modeldə isə pensiyanın əsas hissəsinin fərdi hesabda toplanmış pensiya kapitalı əsasında, ümumi qaydada hesablanması, bunun üzərinə isə sabit aylıq əlavə verilməsi nəzərdə tutulur. Beləliklə, pensiyaya çıxarkən alınan yüksək vəzifə maaşının əvvəlki kimi həlledici rolu olmayacaq və sistem daha çox sığorta prinsipinə yaxınlaşdırılacaq.
Dəyişikliyin təsiri bütün pensiyaçılar üçün eyni olmayacaq. Uzun stajı və yüksək son əməkhaqqısı olan şəxslərin pensiyasına təsir daha ciddi ola bilər. Bu qəbildən olan pensiyaçıları xüsusi çəkisi bütün pensiyaçıların təxminən 10%-ni təşkil edir. Əksinə, daha aşağı maaşla işləyib fərdi hesabında böyük pensiya kapitalı formalaşdıran şəxslər üçün nəticə fərqli olacaq. Buna görə yeni mexanizmi bütün xüsusi şərtlərlə pensiya alanların pensiyasının mütləq azalması kimi qiymətləndirmək düzgün deyil.
Digər dəyişiklik pensiyaların indeksləşdirilməsi ilə bağlıdır. Təklifə əsasən, orta aylıq əməkhaqqı səviyyəsində və ondan aşağı pensiyalar tam indeksləşdirilə, daha yüksək pensiyalar üçün isə daha aşağı indeksləşdirmə əmsalı tətbiq oluna bilər. Lakin konkret faiz və formul hələ yekun hüquqi norma kimi müəyyənləşmədiyindən ayrı-ayrı pensiyaçılar üzrə artım və ya azalmanı indidən hesablamaq mümkün deyil.
Beləliklə, təklif olunan modeldə son əməkhaqqısının rolu azalır, fərdi pensiya kapitalının əhəmiyyəti artır və qulluq stajına görə faiz əlavəsinin əvəzinə sabit aylıq əlavə tətbiqi nəzərdə tutulur.
Qanun hələ qüvvəyə minməyib və söhbət hazırda yalnız təklif olunan mexanizmdən gedir. Məlumata görə, yeni qaydaların qüvvəyə minənədək təyin edilmiş pensiyalara geriyə şamil edilməsi və əvvəlki ödənişlərin geri tələb olunması nəzərdə tutulmayıb. Mövcud pensiyaların gələcəkdə yenidən hesablanıb-hesablanmayacağı isə qanunun yekun mətnindən və keçid müddəalarından asılı olacaq./globalinfo.az
