Son illərdə atılan mühüm addımlardan biri özəl sektorun müdafiə sənayesində daha fəal iştirakının təmin edilməsidir.
Bu barədə müdafiə sənayesi naziri Vüqar Mustafayev “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 15-сi Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin açılış mərasimində deyib.
Nazir qeyd edib ki, ordumuzun şanlı Qələbəsi ilə yekunlaşan Vətən müharibəsinin təcrübəsi bir daha göstərdi ki, müasir texnologiya, çevik qərarvermə və etibarlı yerli istehsal imkanları milli təhlükəsizliyin mühüm elementlərindəndir.
“Bu gün “ADEX” sərgisində 20-dən çox yerli özəl təşkilat öz məhsul və həllərini təqdim edir. Onların böyük hissəsi artıq Silahlı Qüvvələrimizin təchizatında iştirak edir. Bir neçəsi isə ixrac fəaliyyətinə başlayıb. Eyni zamanda, bir sıra yeni məhsullar üzrə yekun sınaqlar davam etməkdədir və qarşıdakı dövrlərdə yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik. Bizim yanaşmamız ondan ibarətdir ki, güclü milli müdafiə sənayesi yalnız dövlət müəssisələrinin imkanları üzərində qurula bilməz. Dövlətin institusional və istehsal imkanları özəl sektorun çevikliyi, təşəbbüsü, innovasiya potensialı və investisiya qabiliyyəti ilə tamamlanmalıdır. Məhz belə bir əməkdaşlıq modeli daha rəqabətqabiliyyətli və dayanıqlı müdafiə sənayesi ekosisteminin formalaşmasına imkan verir” , – deyə V. Mustafayev əlavə edib.
Qeyd edək ki, “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-сi yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb.
Ümumilikdə, “ADEX” və “Securex Caspian” sərgilərində 29 ölkədən 270-dən çox şirkət iştirakını təsdiqləyib. Sərgidə iştirak üçün indiyədək 33 ölkədən 45 xarici nümayəndə heyəti qeydiyyatdan keçib.
Nümayəndə heyətlərinin təmsil etdiyi ölkələr arasında ABŞ, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Əfqanıstan, Gürcüstan, İordaniya, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Latviya, Malayziya, Mərakeş, Monteneqro, Nigeriya, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Sudan, Şimali Kipr, Türkiyə, Türkmənistan, Ukrayna, Uqanda və Vyetnam yer alır.
Bundan başqa, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil edilir.
“ADEX” 2026-nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır.
