Xidmət sahəsində, xüsusilə kafe və kofeşoplarda müştərilərə məhsul və xidmət seçimi zamanı əlavə ödənişlərlə bağlı narazılıqlar yaranır. Bəzi hallarda müştəriyə kofenin dadının “sərt” və ya “yumşaq” olması kimi seçimlər təklif edilir, lakin seçimin əlavə ödənişli olduğu əvvəlcədən bildirilmədiyi üçün müştəri bunu hesab təqdim edilərkən öyrənir.
Bəs kafe və restoranlarda əlavə ödəniş tələb edən xidmət barədə müştəriyə nə vaxt məlumat verilməlidir? Seçimin ödənişli olması sifarişdən əvvəl bildirilməlidirmi və bu məlumat verilmədikdə istehlakçının hüquqları pozulmuş sayılırmı?
Mövzu ilə bağlı danışan iqtisadçı Xalid Kərimli bildirib ki, müştəriyə göstərilən məhsul və xidmətin qiyməti əvvəlcədən aydın şəkildə təqdim edilməlidir:
“Müştəri bütün bu əlavə ödənişləri, xidmət haqqını və digər xərcləri sifariş verməzdən əvvəl bilməlidir. Müştəriyə əvvəlcədən göstərilən xidmətin və məhsulun qiyməti haqqında məlumat verilməlidir. Bu, menyuda aydın şəkildə yazılmalıdır. Əgər əlavə xidmət haqqı olacaqsa, o da ayrıca və aydın şəkildə göstərilməlidir. Sifarişdən sonra bildirildikdə isə mübahisə yarana bilər. Müştəri həmin ödənişi mübahisələndirə bilər və haqlı da ola bilər. Əvvəlcədən hansı xidmət göstərilirsə, onun qiyməti barədə məlumat verilməlidir. Çünki bu, müqavilənin əsas vacib şərtlərindəndir”.

Ekspert qeyd edib ki, belə hallarda müştərinin də təqdim olunan seçimin qiyməti ilə maraqlanması müəyyən əhəmiyyət daşıya bilər:
“Müştəriyə seçim təqdim olunanda, təbii ki, özü də məhsulun bu seçiminin qiyməti ilə maraqlanmalıdır. Əgər təqdim olunan seçim standart seçimdən daha yaxşı şərtlərdirsə, müştəri bunun daha yüksək qiymətə başa gələcəyini təxmin edə bilər. Burada vahid imperativ qayda yoxdur. Məsələnin halları müəyyənləşdirilməlidir. Əgər seçim təqdim ediləndə müştərinin qiymətin fərqli olacağını əvvəlcədən təxmin etməsi mümkün idisə, onun da qiyməti soruşmaq məsuliyyəti var. Yəni müştərinin soruşmaması sonrakı mübahisə üçün müəyyən şərait yarada bilər”.
X.Kərimli əlavə edib ki, xidmət haqqı və digər əlavə ödənişlərlə bağlı mübahisələr konkret vəziyyətdən asılı olaraq hüquqi müstəvidə də qiymətləndirilə bilər:
“Xidmət haqqına gəldikdə isə bu məqamlar əvvəlcədən, müştəriyə xidmət təqdim olunmamışdan öncə bildirilməlidir. Amma burada bir nüans da var. Əgər söhbət standart məhsulun qiymətindən gedirsə və sonradan seçim üçün əlavə, daha yüksək dəyər yaradan xidmətlər təklif olunursa, müştərinin özü də soruşmalıdır ki, bu əlavə xidmətlər ödənişlidir, yoxsa yox. Amma dediyiniz məsələ sırf mübahisə xarakterlidir. Bunun məhkəmə predmetində müzakirə olunması və müəyyən hüquqi yanaşmanın formalaşması mümkündür”.
İqtisadçı restoran və digər iaşə obyektlərinin müştərini təqdim ediləcək məhsul və xidmətlər barədə əvvəlcədən məlumatlandırmalı olduğunu vurğulayıb:
“Restoranın borcudur ki, müştərini təqdim ediləcək məhsul və xidmətlər haqqında məlumatlandırsın. İndi bunu menyu vasitəsilə edirlər. Menyuda bütün bu xidmətlər və əlavələr göstərilməlidir”./Qaynarinfo.az
