Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti Hacıqabul rayonu, Nəvahi qəsəbəsində 17 ədəd fərdi yaşayış evlərinin bərpası üzrə 11.08.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “KƏNDAHAR” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 397.236,17 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 05.10.2026-cı ildə dərc edilib.
İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “KƏNDAHAR” MMC barəsində heç bir məlumat əldə edə bilmədik. Şirkətin fəaliyyəti, işçi heyəti, texniki imkanları və həyata keçirdiyi layihələr barədə ictimaiyyətə açıq geniş məlumat yoxdur.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KƏNDAHAR” (VÖEN: 2007800261) Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.01.2023-cü il tarixdə 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, QOBU QƏSƏBƏSİ, QOBU QƏSƏBƏSİ, ev.42, m.25, qanuni təmsilçisi kimi isə Paşayeva Mətanət Əlhəmpaşa qızı olduğu qeyd olunub.
“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlara görə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya 05.05.2025-ci ildə verilib.
Göründüyü kimi MMC dövlət qeydiyyatına alındıqdan cəmi 5 ay sonra müvafiq lisenziya alıb.
Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyən edilib. Bu bölgüyə əsasən mikro sahibkarlara 1 – 10 nəfər işçisi olub, illik gəliri 200 min manata qədər olan müəssisələr aid edilirlər. Bölgüyə görə 11 – 50 nəfər işçisi olub, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektinə aid edilirlər. Qərara görə 51 – 250 nəfər işçisi olub, illik gəliri 3 milyon manatdan 30 mln. manatadək olan müəssisələr orta sahibkarlıq subyektinə aiddirlər.
“KƏNDAHAR” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə kiçik sahibkarlıq kateqoriyasına aiddir. Yəni MMC-nin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ilə çalışan 11 – 50 nəfər işçisi var.
Maraqlıdır, bu işçi qüvvəsi ilə Hacıqabul rayonu, Nəvahi qəsəbəsində 17 ədəd fərdi yaşayış evlərinin bərpasını nə vaxta həyata keçirəcək?
Qeyd edək ki, MMC bundan əvvəl Ağdam rayon İcra Hakimiyyəti ilə rayon ərazisində subartezian quyularının əsaslı təmiri işləri üzrə 190.000,06 manat dəyərində, rayon ərazisində abadlıq işlərinin görülməsi üzrə 220.494,8 manat dəyərində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdriyyəti ilə Bakı şəhəri ərazisində məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinin satınalınması üzrə 430.610,91 manat dəyərində, sözügedən dövlət qurumunun Mənzil İstismar Departamenti ilə Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə 799.054,11 manat dəyərində satınalma müqavilələri bağlayıb.
Buradan suallar yaranır. Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə kiçik sahibkarlıq kateqoriyasına aid olan bu MMC belə iri həcmli dövlət sifarişlərini yerinə yetirmək iqtidarındadırmı?
MMC-nin belə iri həcmdə işləri həyata keçirmək üçün hansı maddi-texniki bazaya və işçi potensialına malik olduğu isə əlavə suallar yaradır. Belə satınalmaların qalibi seçilərkən sifarişçi dövlət qurumları MMC-nin texniki imkanlarının və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ilə çalışan profesional işçi qüvvəsini və Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarı ilə müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsinin digər meyarlarını necə müəyyən edirlər.
Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universiteti 28.08.2026-cı ildə “KƏNDAHAR” MMC ilə 2026-cı ildə Universiteti bitirmiş tələbələrin xüsusi tədbirinin keçirilməsi üzrə 85.963 manat dəyərində müqavilə bağlayıb.
Sual yaranır. Təmir-tikinti işləri üzrə ixtisaslaşmış bir şirkətin tələbələrin xüsusi tədbirinin keçirilməsi üzrə tenderdə iştirakına necə yol verilib?
Göründüyü kimi, “KƏNDAHAR” MMC yalnız 2026-cı ildə ümumi dəyəri milyon manatdan çox olan bir neçə tenderin qalibi seçilib ki, hamısı şübhəli məqamlarla doludur. Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə kiçik sahibkarlıq kateqoriyasına aid olan bu MMC-yə belə iri həcmli dövlət sifarişlərininin qalibi olmağa kimlər şərait yaradır?
MMC-nin fəaliyyəti, işçi heyəti, texniki imkanları və həyata keçirdiyi layihələr barədə ictimaiyyətə açıq geniş məlumatların olmaması MMC-nin podratçı şirkətlərlə işlədiyini deməyə əsaslar verir. Yəni dövlət qurumlarının keçirdiyi tenderlərdə qalib çıxdıqdan sonra MMC işə başqa ixtisaslaşmış şirkətləri cəlb edir və onlarla subpodrat müqavilələr bağlayır. Nəticədə heç bir iş görmədən dövlət büdcəsindən kifayət qədər ciddi məbləğlərdə gəlirlər əldə edir. Təbii ki, MMC -yə yaradılan bu şəraitin arxasında gizli qüvvələrin olması istisna deyil.
Aktualinfo.net
