Azərbaycan toylarında qidadan zəhərlənmə, keyfiyyətsiz yeməklər verilməsi, mənşəyi bilinməyən, iylənmiş ətdən təamlar hazırlanması halları artmaqdadır.
Bu yaxınlarda “Çıraq Palace” şadlıq sarayında iylənmiş ətdən yemək verilməsi faktı aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib.
AQTA həmçinin 1 oktyabr 2026-cı ildə “Qızıl Saray” şadlıq evində istehlaka yararsız ət məhsulları aşkarladığını açıqlayıb.
Xoşbəxtlikdən hər iki şadlıq evində mərasimdə zəhərlənən olmayıb.
Lakin oktyabrın 31-də “Qızıl qaya” şadlıq evində baş tutan məclisdə 5 qadın zəhərlənmə faktı ilə bağlı xəstəxanaya yerləşdirilib. Bundan əlavə, Kürdəmirdə “Günəş” şadlıq evində oxşar hadisə olub.
Bu faktlar toylarda verilən qidaların təhlükəsizliyi ilə bağlı artıq həyəcan təbili çalmağa əsas yaradır. Çünki vətəndaşlar bundan daha pis təhlükə ilə üzləşə, hətta ölüm faktına səbəb ola bilər. Məsələ burasındadır ki, AQTA hadisə baş verdikdən sonra araşdırma aparır. Halbuki iş başa gələndən sonra restoranın verdiyi qidaların keyfiyyətini laboratoriyada yoxlamaq keçmişdir. Yəni vətəndaş zəhərlənir, sonra AQTA səbəbləri araşdırır.
Əslində qurumun işi şadlıq saraylarında, restoranlarda qidaların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı əvvəlcədən araşdırma aparmaq olmalıdır. Sonradan atılan daş necə deyərlər, topuğa dəyər. Yəni AQTA şadlıq evlərində məclislərdən öncə qidaların mənşəyini, təzəliyini yoxlamalıdır. Bunun üçün qurumun kifayət qədər səlahiyyəti, potensialı və resursu var. Belə desək, agentliyin əməkdaşları Bakının müxtəlif rayonları üzrə şadlıq saraylarına təhkim oluna bilər. Tutaq ki, Nizami rayonunda bir gündə 10-12 şadlıq sarayında toy ola bilər, səhər saatlarında AQTA əməkdaşları yoxlamalar apara bilər. Həmçinin, Binəqədi, Xətai və s. rayonlarda yenə də agentliyin ərazi üzrə əməkdaşları restoranlara cəlb olunarsa, bu kimi təhlükəli halların qarşısı qabaqcadan alına bilər.
Amma AQTA işinə nədənsə laqeyd yanaşır. Hərçənd öncədən araşdırma aparılması vacibdir. Son həftələr baş verənlər də bunu deməyə əsas verir. Agentliyin nə üçün şadlıq saraylarında qida təhlükəsizliyinə səhlənkar yanaşdığı bizə bəlli deyil. Burada hansı maraqların olduğunu söyləmək də çətindir. Fəqət faktdır ki, AQTA şadlıq saraylarında zəhərlənmə olmasını gözləyir, sonra araşdırmalara başlayır.
Əgər AQTA qida təhlükəsizliyinə nəzarət edirsə, belə hadisələrin qarşısını niyə ala bilmir? O deməkdir ki, öncədən heç bir yoxlama aparılmır, şadlıq evlərinin aldığı ət və digər məhsulların mənşəyi, keyfiyyəti yoxlanılmır. Bu da yüzlərlə vətəndaşın həyatını təhlükəyə atmaqdır.
Mütəxəssislər də o qənaətdədir ki, şadlıq saraylarında ciddi sanitariya pozuntuları varsa, bunlar toy keçiriləndən və insanlar zəhərlənəndən sonra deyil, əvvəl aşkarlanmalıdır.
Restoran üçün cərimə ödəmək, fəaliyyətini dayandırmaqdan daha sərfəli olarsa, bu, qanun pozuntularının qarşısını almağa yetməyə bilər. Burada cərimələrin məbləği və təkrar pozuntulara görə tətbiq edilən tədbirlər əhəmiyyətlidir.
AQTA-nın əsas vəzifəsi zəhərlənmə baş verəndən sonra araşdırma aparmaq deyil, mümkün qədər onun qarşısını almaqdır.
Əgər eyni tipli pozuntular müxtəlif şadlıq saraylarında təkrar-təkrar aşkarlanırsa, bu, nəzarət sisteminin effektivliyi barədə əsaslı suallar yaradır.
Bu məsələdə rüşvət və korrupsiya marağının olması ehtimalını istisna etmək olmaz. Lakin əsas reallıq odur ki, AQTA-nın işi sonradan araşdırma aparmaq deyil, əvvəldən təhlükəni aşkara çıxarmaqdır. Qoşqar Təhməzlinin sədri olduğu agentlik isə obrazlı desək, xəstəliyi aşkarlayıb müalicə etməyi yox, xəstə koma vəziyyətinə düşəndə hadisə yerinə gəlməyi üstün tutur…
Axı AQTA təcili tibbi yardım xidməti deyil?! /Anaxeber.com.az
