Politoloq Elxan Şahinoğlu Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə faktlarını şərh edərək bildirib ki, əgər Rusiya Prezidenti Vladimir Putin bu məsələ ilə bağlı araşdırma aparılması üçün konkret təlimat verməzsə, bu, baş verənlərin sadəcə “yerli polisin özfəaliyyəti” olmadığını, əksinə, daha geniş və sistematik anti-Azərbaycan siyasətinin tərkib hissəsi olduğunu göstərir.
“Əgər Putin bu hadisənin üzərindən sükutla keçərsə, bu, Kremlin nə sözlə, nə də əməldə Azərbaycanı tərəfdaş saymadığını sübut edəcək,” – deyə politoloq vurğulayıb.
O, xatırladıb ki, daha əvvəl Rusiyanın hava məkanında AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması və Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı da ciddi araşdırma aparılmadı və məsələ ört-basdır edildi: “Əgər eyni münasibət Yekaterinburqda baş verənlərlə bağlı da sərgilənərsə, bu, artıq təsadüf yox, məqsədyönlü yanaşmadır”.
Elxan Şahinoğlunun fikrincə, Moskvanın son aylarda Azərbaycana qarşı sərgilədiyi münasibət – o cümlədən “Rus evi”nin bağlanması və “Sputnik” agentliyinin fəaliyyətinə qoyulan məhdudiyyətlərə qarşı təzyiq vasitəsi kimi bu cür təxribatlar həyata keçirilir: “Bu hadisələr Azərbaycanın suveren qərarlarına qarşı təzyiq və qisas kimi ortaya çıxır”.

Politoloq qeyd edib ki, belə bir kontekstdə Rusiya hələ də Xankəndidə konsulluq açmağa cəhd göstərir: “Bu isə açıq-aşkar ikili standartdır – bir tərəfdən ölkəmizə təzyiqlər edilir, digər tərəfdən isə əməkdaşlıq görüntüsü yaradılır”.
Şahinoğlu xəbərdarlıq edib ki, Yekaterinburqda baş verən hadisə tək hal deyil və bu cür zorakılıqlar Rusiyanın digər şəhərlərində də təkrarlana bilər: “Azərbaycan hökuməti bu faktlarla bağlı dərhal və ciddi təhqiqat aparılmasını Rusiya dövlətindən tələb etməli, nəticələrin isə ictimaiyyətə açıqlanmasını israrla tələb etməlidir”.
O, baş verən hadisənin daha təhlükəli bir məqamına da diqqət çəkib. Belə ki, Yekaterinburqda azərbaycanlı ailənin evinə hücum edən maskalı şəxslər həmin ailəni Ukrayna ilə müharibədə iştirak etməyə məcbur etmək məqsədilə müəyyən sənədlərə qol çəkdirməyə çalışıblar: “Bu, artıq sadəcə işgəncə yox, zorla müharibəyə göndərilmə cəhdidir”.
Politoloq bildirib ki, bu üsul son illərdə Rusiya hakimiyyətinin qeyri-rus millətlərə qarşı tətbiq etdiyi yeni repressiv praktikanın tərkib hissəsidir: “Ruslar öz vətəndaşlarını müharibəyə getməyə razı salmağa çalışır, digər xalqların nümayəndələrini isə məcbur edirlər. Çünki ölümə birinci onlar göndərilir”.
Sonda Elxan Şahinoğlu vurğulayıb ki, artıq Rusiyada azərbaycanlıların və digər azsaylı xalqların nümayəndələrinin yaşaması və işləməsi təhlükəli həddə çatıb: “Əgər bir ölkənin prezidenti ‘harada Rusiya əsgəri varsa, ora elə Rusiyadır’ deyirsə, həmin ölkənin polisi də işgəncə verəcək, günahsız insanı da öldürəcək”.
