Dövlət Turizm Agentliyində “Büdcə sistemi haqqında” Qanununun tələbi pozularaq vəsaitlərin akkreditiv hesablarda saxlanılmasına yol verilib. Agentlik bəzi hallarda vəsait büdcəyə qaytarmayıb.
Bu barədə Hesablama Palatasının agentlikdə keçirdiyi 2021-2024-cü illəri əhatə edən auditin nəticələrində qeyd olunub.
Məlumata görə, akkreditiv hesablarda saxlanılmış vəsaitin 3089,7 min manatı 2022-ci ildə, 8789,2 min manatı 2023-cü il ərzində yerinə yetirilmiş iş və xidmətlərə görə bağlanılmış (icra edilmiş), ilin sonuna qalan 965,4 min manat vəsaitdən 921,8 min manatı isə 2024-cü il ərzində yerinə yetirilən iş və xidmətlərə görə bağlanılmaqla cəmi 43,5 min manatı büdcəyə qaytarılmayıb.
Agentlik tərəfindən “Azərbaycan Turizm Bürosu” və “Qoruqların İdarəetmə Mərkəzi” publik hüquqi şəxslərə 2023-2024-cü illər üzrə vəsaitlərin köçürülməsi ilə bağlı müvafiq müraciətlər edilməsi və həmin müraciətlərə müvafiq razılıq və ya cavab alınmaması fonunda ümumilikdə auditlə əhatə olunan dövr ərzində 18500 min manat məbləğində büdcə vəsaiti ilin sonunda tabelikdəki qurumlara köçürülməklə ilin sonuna bütün xəzinə hesablarının qalıqlarının vahid xəzinə hesabına köçürülməsi ilə bağlı tələbdən yayınıb.
