“İran Pakistan və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasını alqışlayır”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“Bizim Pakistan və Ermənistanla yaxşı münasibətlərimiz var və bu inkişafı müsbət qiymətləndiririk. Ümid edirik ki, iki qonşumuz arasında əlaqələrin qurulması region ölkələrini gücləndirəcək”, – diplomat bildirib.
Xatırladaq ki, avqustun 29-da Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bundan əvvəl Pakistan baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ilə telefon danışığı aparıb. Danışıqlar zamanı iki ölkə arasında diplomatik münasibətlərin qurulması məsələsini müzakirə etmək barədə razılaşma əldə olunub.
Avqustun 31-də Çin Tiancin şəhərində görüşən nazirlər birgə kommünike imzalayıblar.
