Baş nazir Əli Əsədov Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputanla görüşüb.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib.
İki ölkə arasında yaxşı əlaqələrin olduğu vurğulanıb, iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli perspektivlərin mövcudluğu qeyd edilib.
S.Kotputanın səfəri çərçivəsində müvafiq Anlaşma Memorandumunun imzalanmasının iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.
