Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə görə, bu ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 086 manat 30 qəpik təşkil edib. Bu göstərici əvvəlki dövrlə, yəni yanvar-sentyabr ayları ilə müqayisədə 1 manat 40 qəpik azdır. Xatırladaq ki, yanvar-sentyabrda orta əməkhaqqı 1 087,7 manat idi.
Daha bir maraqlı məqam odur ki, Azərbaycanda orta aylıq əməkhaqqı artıq ardıcıl dörd aydır ki, eniş tendensiyası nümayiş etdirir.
Belə ki, cari ildə orta aylıq əməkhaqqının dinamikası bu şəkildə olub:
– Yanvar – 1 062,9 manat;
– Yanvar–fevral – 1 043,6 manat; bir
– Yanvar–mart – 1 083,8 manat;
– Yanvar–aprel – 1 100,6 manat;
– Yanvar–may – 1 095 manat;
– Yanvar–iyun – 1 097,3 manat;
– Yanvar–iyul – 1 098,1 manat;
– Yanvar–avqust – 1 093,8 manat;
– Yanvar–sentyabr – 1 087,7 manat;
– Yanvar–oktyabr – 1 086,3 manat.

İqtisadçı Xalid Kərimli açıqlamasında bildirib ki, dünya üzrə inkişaf etmiş ölkələrin iqtisadi uğurunu müəyyən edən əsas göstəricilər ay ərzində yaradılan iş yerlərinin sayı və orta aylıq əməkhaqqının artım tempidir. İqtisadçının sözlərinə görə, məhz əmək bazarını xarakterizə edən bu iki indikator ümumi iqtisadi siyasətin konturlarını formalaşdırır.
Ekspert vurğulayıb ki, hər bir hökumətin əsas məqsədi daha çox iş yeri yaratmaq və əhalinin gəlirlərini artırmaqdır. Azərbaycanda isə son göstəricilər azalma dinamikası nümayiş etdirir ki, bu da iqtisadiyyatda vəziyyətin zəiflədiyini göstərir: “Dövlət əməkhaqlarını azaltmayıb. Sadəcə, statistika bunu mexaniki şəkildə ortaya qoyur. Birincisi, əmək bazarında vəziyyət işəgötürənin xeyrinə dəyişib – yeni iş yerləri açılmır, işçi qüvvəsinə tələbat azalır. İkincisi, yüksək əməkhaqlı iş yerləri bağlanır, onların əvəzinə daha aşağı əməkhaqlı işlər yaranır”.
X. Kərimli qeyd edir ki, hazırda əmək bazarında iş axtaranların sayı mövcud vakansiyaları xeyli üstələyir. Bu isə əməkhaqlarının aşağı düşməsinə səbəb olur, çünki işçi qüvvəsinin təklifi artır və insanlar iş tapmaq üçün daha aşağı maaşa işləməyə məcbur qalırlar.
Ekspert əlavə edib ki, son 10 ayda inflyasiya təxminən 6 faiz təşkil edib, əməkhaqlarının isə 1,4 faiz azalması çox ciddi problemdir və bu, iqtisadi geriləməni nümayiş etdirir.
Xalid Kərimli bildirib ki, ilin əvvəlində iqtisadi artım üçün 3,2–3,5 faiz proqnoz verilirdisə, hazırda bu göstərici təxminən 1,6 faiz səviyyəsindədir: “Artım tempinin bu qədər geriləməsi iqtisadiyyatda durğunluğun olduğunu sübut edir və əmək bazarının pisləşməsi bunun ən bariz göstəricisidir”./azpolitika.info”
