Ermənistanda yeni Konstitusiya layihəsi dərc edilib: Müstəqillik Bəyannaməsinə istinad çıxarılıb
Ermənistanda hazırlanan yeni Konstitusiya layihəsinin mətni ictimaiyyətə təqdim olunub.
Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında ölkəsinin yeni Konstitusiyasının layihəsini paylaşıb. O, sözügedən layihə üçün xüsusi yaradılmış saytın linkini yerləşdirib.
“Əziz xalqım! Ermənistanın yeni Konstitusiyasının layihəsini bunun üçün xüsusi yaradılmış saytda təqdim etməkdən məmnunam. Sayt hər bir vətəndaşın yeni Konstitusiya layihəsini oxumasını və təkliflər irəli sürməsini mümkün qədər rahat etmək üçün yaradılıb”, – o bildirib.
Ermənistan hökumət başçısı həmçinin yaxın dəqiqələrdə xalqa müraciət edəcəyini deyib.
Ermənistan mediasının yaydığı məlumata görə, 89 maddədən ibarət olan yeni sənəddə 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad yer almayıb.
Xatırladaq ki, rəsmi Bakı Ermənistanla yekun sülh müqaviləsinin imzalanması üçün Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılmasını əsas şərt kimi irəli sürüb.
Qeyd edək ki, yeni Konstitusiya layihəsinin qəbul edilməsi üçün Ermənistanda ümumxalq səsverməsinin (referendumun) keçirilməsi nəzərdə tutulur./azpolitika.info
