Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub.
Mərhum sənətkarla əvvəlcə Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.
Ardınca Xalq artistinin nəşi Birinci Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.
Vida mərasimində Baş nazir Əli Əsədovla yanaşı, nazirlər, deputatlar, görkəmli aktyorun ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak ediblər.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Mədəniyyət naziri Adil Kərimlinin adından Rasim Balayevin ailəsinə başsağlığı verib.
Nazir müavini bildirib ki, Rasim Balayev adını Azərbaycan kino tarixinə qızıl hərflərlə yazıb. Onun rol aldığı filmlər bu günə qədər hər birimizin yaddaşında xüsusi yer tutur. Rasim Balayevin kinomuza verdiyi töhfələri sadaladıqca bitməz.
Daha sonra çıxış edən Xalq yazıçısı Anar qeyd edib ki, bu gün danışmaq çox ağırdır: “Azərbaycan kinosu yaşadıqca, Rasim də yaşayacaq. Biz onunla sənət dostu olmuşuq. Mənim bir çox ssenarilərimdə çəkilib, o, doğrudan da böyük sənətkar idi”.
Ardınca çıxış edən Xalq artisti Şəfiqə Məmmədova bildirib ki, doğrudan da Azərbaycan kinosuna ağır zərbə dəyib:
“Bu dəqiqə onun barədə keçmiş zamanda danışmaq olmur. Onunla planlarımız çox idi, deyiləsi sözlərim çox idi. O, şərəfli ömür yaşadı, Azərbaycan kino ailəsinin başçısı idi. Dostları, ailəsi və ən əsası Azərbaycan xalqı onu çox sevirdi”.
Daha sonra çıxış edən Xalq artisti Oktay Mirqasımov bildirib ki, Rasim Balayevlə bir neçə filmdə birlikdə işləyiblər:
“O, doğrudan da böyük aktyor idi. Həm dost, həm də aktyor kimi çox yaxşı idi. Onunla işləmək insana zövq verirdi. Rasim böyük aktyor olmağı bacardı”. Sonda Rasim Balayevin oğlu vida mərasimində iştirak edənlərə minnətdarlığını bildirib. Qeyd edək ki, Rasim Balayev I Fəxri xiyabanda dəfn ediləcək.
Mərhum aktyorun oğlu Ülvi Balayev atası haqda bu fikirləri deyib:
“Ailəmiz üçün ağır gündür. Sözün bitdiyi andır. Gözümüzü açandan həmişə son sözü ailəmizdə Rasim Balayev deyib. Ona görə başqa söz deyə bilməyəcəyəm”.
Xatırladaq ki, Xalq artisti uzun müddət ağciyər xərçəngindən əziyyət çəkirdi. Türkiyədə müalicə alan aktyor ötən gün səhər İstanbulda yerləşən “Memorial” klinikasında vəfat edib.
Qeyd edək ki, “Babək”, “Nəsimi”, “Beyrək” kimi yaddaqalan obrazları ilə tanınan aktyor 77 yaşında dünyasını dəyişib. Ömrünün sonunadək Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsində çalışan Rasim Balayev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunub.

















