Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır.
Bu barədə Avstriyanın Federal Avropa və Beynəlxalq İşlər Nazirliyindən 5-ci Antalya Diplomatik Forumu ərəfəsində özəl şərhdə bildirilib.
“Cənubi Qafqaz kimi strateji əhəmiyyətli regionlarda sabitlik xüsusi önəm daşıyır. Ermənistan və Azərbaycan arasında sülh prosesində əldə olunan irəliləyiş regional təhlükəsizliyin və iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün mühüm imkan yaradır ki, bu da həm region, həm də Avropa üçün faydalıdır. Bu kontekstdə Azərbaycan Aİ və Avstriya üçün, xüsusilə böhran dövrlərində, dəyərli tərəfdaş olaraq qalır”, – Nazirlikdən qeyd edilib.
Avstriyada hesab edilir ki, əməkdaşlığın gücləndirilməsi və regionda normallaşma proseslərinin dəstəklənməsi sabitliyə töhfə verə, yeni imkanlar yarada və daha geniş qlobal qeyri-müəyyənliklərin aradan qaldırılmasına kömək edə bilər.
Qurumda həmçinin vurğulanıb ki, Avropa İttifaqı üst-üstə düşən geosiyasi və iqtisadi böhranları nəzərə alaraq öz strategiyasını təkmilləşdirməli, eyni zamanda əsas dəyərlərinə – demokratiya, insan hüquqları və hüququn aliliyinə sadiq qalmalıdır.
“Xarici siyasətin effektivliyinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Bu, ilk növbədə daha sürətli koordinasiya, “Team Europe” yanaşması çərçivəsində vahid fəaliyyət, eləcə də təmsilçiliyin gücləndirilməsi, o cümlədən Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibənin dayandırılması istiqamətində səylər kontekstində Aİ-nin xüsusi baş danışıqçısının təyin edilməsi hesabına mümkündür. Eyni zamanda, Aİ birtərəfli addımlara meyllərin artmasına baxmayaraq, çoxtərəfli beynəlxalq sistemi dəstəkləməyə və modernləşdirməyə davam etməlidir”, – Nazirlikdən əlavə edilib.
Qurumun fikrincə, regional münaqişələrin iqtisadiyyat və təhlükəsizlik sahələrində təsirlərini yumşaltmaq üçün Avropaya çoxsəviyyəli yanaşma lazımdır. Bu yanaşma qonşu regionlarda sabitliyin və inkişafın gücləndirilməsini, yaxın ərazilərdə dayanıqlı tərəfdaşlıqların qurulmasını, eləcə də eyni dəyərləri bölüşən qlobal tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsini əhatə etməlidir./trend.az
