İqtisadiyyat Nazirliyinin Kollegiyası “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. Nazirin imzaladığı sənədə əsasən, elektron ticarət qaydasında əl işlərinin satışından əldə edilən gəlirlərdən xərclər çıxılmadan 2% dərəcə ilə vergi tutulmaları ilə bağlı vergi orqanına bəyannamə təqdim ediləcək.Həmçinin bu satışlarla bağlı Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən kənar qaydada kameral və səyyar vergi yoxlamaları aparılacaq.
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov bildirib ki, bu qərar əl işlərinin satışından əldə edilən gəlirlərə yeni verginin tətbiqi anlamına gəlmir. Onun sözlərinə görə, bu, artıq Vergi Məcəlləsində nəzərdə tutulmuş mexanizmin icrasını tənzimləyən inzibati xarakterli qərardır:

“Bu səbəbdən qərar əl işlərinin satışından gəlir əldə edən sosial qruplar üçün yeni vergi növü müəyyən etmir və mövcud vəziyyəti dəyişmir. Mövcud qaydalar daha əvvəl Vergi Məcəlləsinə edilən dəyişikliklərlə formalaşıb.
Təbii ki, cari şərtlər daxilində daha məqsədəuyğun olardı ki, bu sosial qrupların gəlirlərinə münasibətdə güzəştli dövr davam etdirilsin. Çünki bu qrupların gəlirləri bir çox hallarda yüksək olmur. Digər tərəfdən, əgər verginin tətbiqi zəruridirsə, bu zaman müəyyən limitlərin müəyyənləşdirilməsi daha doğru yanaşma olardı. Məsələn, aylıq 1000 manatdan yuxarı gəlir əldə edildiyi halda verginin tətbiqi kimi mexanizmlər daha az gəlir əldə edən sosial qrupların xərclərini qismən tənzimləyə bilərdi”.
İqtisadçının sözlərinə görə, nəzərə alınmalı digər mühüm məsələ isə xərc yüküdür:
“Əl işlərinin satışını təşkil edən şəxsin xərcləri onun öz fəaliyyətindən və davranışlarından da asılıdır. Əgər şəxs çəkdiyi xərcləri rəsmiləşdirə və bunu müvafiq bəyannamədə əks etdirə bilirsə, nəticədə daha az vergi ödəyəcək. Məsələn, əgər şəxsin dövriyyəsi 1000 manat olub və bunun 500 manatını xərcləyibsə, qalan 500 manat üzərindən 2 faiz vergi hesablanacaq. Bu isə 10 manat edir. Əks halda, yəni xərclər rəsmiləşdirilməzsə, 1000 manatın hamısına vergi tətbiq olunacaq və bu zaman 20 manat vergi ödənilməli olacaq.
Buradan çıxan nəticə odur ki, əl işlərinin satışı ilə məşğul olan şəxslər mümkün qədər xərclərini leqallaşdırmağa çalışmalıdırlar. Bu, onların vergi yükünü müəyyən qədər azalda və ümumi maliyyə nəticələrinə mənfi təsiri zəiflədə bilər.
Bununla belə, daha effektiv yanaşma sosial qrupların gəlir səviyyəsinə uyğun vergitutma mexanizminin tətbiqi olardı. Bu halda həm gəlir bərabərsizliyinin azaldılması istiqamətində müəyyən nəticələr əldə edilə bilər, həm də aşağı gəlirli sosial qruplar üçün əlavə ciddi xərc yükü formalaşmaz”.
