Bu ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ilkin mənzil bazarında (yeni tikililər) 13,1%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,1% artıb.
Qiymət artımının əsas səbəbləri nələrdir? Bu artım davam edəcək?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlamasında bildirib ki, Dövlət Statistika Komitəsinin verdiyi statistika daşınmaz əmlak bazarında artımın davam etdiyini göstərir:
“Ötən ilin müvafiq dövrü ilə bağlı göstərilən faizlər onu göstərir ki, daha çox yeni tikililərə tələbat var və buna görə də 13.1 faiz artım olub. Köhnə tikililərdə, təkrar mənzil bazarında isə bu göstərici 8.1 faizdir. Köhnə tikililərdə qiymət artımı xüsusi ilə kompensasiya ilə bağlıdır. Bir sıra qəzalı və istismar müddəti bitən binalar sökülür. Buna baxmayaraq, yenə köhnə tikili binalardan ev almaq istəyənlər var. Bu mənzillərin də alınmasında iki məqsəd var: Birincisi kompensasiya əldə etmək, ikincisi isə yeni tikilən binalardan ev almaq üçün büdcələri yetməyən əhali yenidən köhnə tikililərə üz tutur. Bu da təkrar mənzil bazarında 8.1 faiz artımı özündə xarakterizə edir”.

Sədr qiymət artımını bir neçə səbəblə xarakterizə edib:
“Bu qiymət artımının əsas bir neçə səbəbi var. İlk olaraq daşınmaz əmlakın investisya cazibədarlığı, manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər, davam edən urbanizasiya. Beynəlxalq arenada baş verən problemlər də qiymətlərə təsir edir. Çünki Azrbaycanın təhlükəsiz liman olduğuna görə, xüsusi ilə Bakı şəhəri ilə bağlı müraciətlərin sayını artırır. Bundan başqa, tikinti xərclərinin artması, təsdiqlənmiş Bakı Şəhər baş planına uyğun aparılan söküntü prosesi də, tikinti həcminin azalmasına səbəb olur. Tikinti normativlərinin mürəkkəbləşdirilməsi, tikinti sektorunda əmək haqqılarının rəsmiləşdirilməsi, şəffaf büdcə sisteminə keçilməsi, vergi ödənişləri kimi sadalanan səbəblər daşınmaz əmlakın qiymətinə təsir göstərən əsas amillərdir və bu proses davaml olacaq”.
Vüqar Oruc deyib ki, qiymət artımına ən çox təsir edən amil daşınmaz əmlakın digər investisiya istiqamətlərini geridə qoymasıdır:
“Sərbəst kapitalı, maliyyə ehtiyatları olan nəinki sahibkar, hətta vətəndaşlar belə daşınmaz əmlak almağa üstünlük verirlər ki, sonradan bu əmlakların kirayəsi və icarəsi ilə stabil gəlir əldə etsinlər. Bundan əlavə, daşınmaz əmlak çox ciddi biznes sahəsinə çevrilib. Bəzi quruplar fəaliyyət göstərir ki, onlar mənzilləri təmirsiz alaraq, kosmetik təmirlə bazara çıxardırlar. Belə olanda isə çoxlu pul qazanılır. Bir sözlə, bu sahə hazırda ölkədə ən aktiv sahədir. Ona görə də qiymətlərin artması müşahidə olunur və olunacaq. Məlumat üçün qeyd edim ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti aprel ayında ilin ilk rübünü ötən ilin sonuncu ayı- dekabrın nəticələri ilə müqayisə edib və müəyyən olunub ki, 3.6 faiz yeni tikililərdə 2.4 faiz isə köhnə tikililərdə qiymət artımı müşahidə olub. Bu da aradakı fərqin 50 faiz olduğunu göstərir. Statistika Komitəsinin verdiyi məlumatda göstərilən 13.1, 8.1 faizlik artım dinamikası isə qiymət fərqinin 60 faiz olduğunu göstərir. Bu da onu deməyə əsas verir ki, bu ildə ötən ildəki kimi daşınmaz əmlak bazarında, xüsusi ilə mənzil seqmentində qiymət artımı 12-15 faiz arası olacaq”./qaynarinfo.az
