ABŞ administrasiyası İranla “dondurulmuş münaqişə”yə cəlb olunmaq riskindən narahatdır.
Bunu “Axios” nəşri ABŞ rəsmilərinə istinadla yazıb.
Ağ Ev rəsmiləri nəşrə deyiblər ki, onlar münaqişənin nə hərbi, nə də diplomatik həllinin tapılmayacağından narahatdırlar, bu isə ABŞ-ni İranın dəniz blokadasını davam etdirərək uzun müddət bölgədə əhəmiyyətli hərbi qüvvələr saxlamalı olacağı deməkdir. Nəticədə hər iki tərəf qarşı tərəfin hərəkətlərini yaxından izləyəməli və zərbə gözləməli olacaq.
Bir mənbəyə görə, bu ssenari 3 noyabr 2026-cı ildə ABŞ-də keçiriləcək Konqresə aralıq seçkilər yaxınlaşdıqca Donald Tramp üçün ciddi problemlər yaradacaq: “Bu, Trampın başına siyasi və iqtisadi cəhətdən gələ biləcək ən pis şeydir”.
Trampın müşavirləri “Axios”-a deyiblər ki, Amerika lideri iki variant arasında tərəddüd edir. Bunlardan biri əlavə hərbi zərbələr endirmək, digəri İrana tətbiq edilən iqtisadi sanksiya və təzyiqlərin maksimum təsirini gözləməkdir. Bu tədbirlər Tehranı nüvə proqramı da daxil olmaqla güzəştlərə getməyə vadar edə bilər. Lakin bunların hansını seçmək məsələsində Tramp qərar verə bilmir.
Bir müşavirin sözlərinə görə, Tramp ona “İran rəhbərliyinin başa düşdüyü tək şey bombardmandır” deyib. Mənbə Trampın hazırkı vəziyyətini “məyus realist” kimi təsvir edib: “O, güc tətbiq etmək istəmir, amma geri də çəkilməyəcək”.
“Axios”un məlumatına görə, Tramp bazar ertəsi günü milli təhlükəsizlik komandası ilə İranın yeni danışıqlar təklifini müzakirə edib, lakin heç bir qərar qəbul edə bilməyib./azpolitika.info
