Ermənistan üçün kritik həftə başlayıb. Şübhə yox ki, 7 iyun seçkiləri sıradan bir səsvermə olmayacaq. Eləcə də ondan sonra keçirilməsi nəzərdə tutulan referendum da nəzərə alınarsa, Ermənistan əhalisi faktiki surətdə yaxın perspektiv üçün öz taleyin müəyyən etməlidir. Bu arada Ermənistanda parlament seçkiləri ərəfəsində Moskvanın fəaliyyəti ilə bağlı yeni məlumatlar yayılıb. Musavat.com xəbər verir ki, Reuters agentliyinin Qərb kəşfiyyat orqanlarındakı beş mənbəyə və daxili sənədlərə istinadən dərc etdiyi araşdırmada bildirilir ki, Moskva Ermənistanda iyunun 7-nə təyin olunmuş parlament seçkiləri ərəfəsində genişmiqyaslı gizli kampaniya həyata keçirməyi planlaşdırıb.
Məlumata görə, əməliyyatın əsas məqsədi Nikol Paşinyanın yenidən seçilməsinin qarşısını almaq və İrəvanın Avropaya inteqrasiya kursunu dayandırmaq olub. Araşdırmada qeyd edilir ki, Qərb kəşfiyyatı Kremlin Rusiyada yaşayan Ermənistan vətəndaşlarının kütləvi şəkildə ölkəyə daşınmasını nəzərdə tutan planlarını qeydə alıb. Ermənistan qanunvericiliyinə əsasən xaricdən səsvermə mümkün olmadığından, Rusiya ərazisində yaşayan 100 minədək Ermənistan vətəndaşının respublika ərazisində səs verməsi üçün logistik sxem müzakirə olunub.
Reuters-in məlumatına görə, bu əməliyyatın dəyəri təxminən 50 milyon dollar qiymətləndirilib və may ayının ortalarına qədər Rusiyanın regional administrasiyalarına insan göndərilməsi ilə bağlı kvotalar çatdırılıb. Agentlik həmçinin bildirir ki, rəqəmsal məkanda genişmiqyaslı dezinformasiya kampaniyası həyata keçirilib. Analitiklər bunu müasir Avropa tarixinin ən böyük informasiya əməliyyatlarından biri kimi qiymətləndirirlər. Məqalədə qeyd olunur ki, Kremlinlə əlaqələndirilən Sosial Layihələndirmə Agentliyi (ASP) Ermənistanın hazırkı rəhbərliyini nüfuzdan salmaq məqsədilə saxta informasiya resursları şəbəkəsi və Storm-1516 adlı bot platforması hazırlayıb. Araşdırmaya görə, ASP-nin layihələrindən biri də Ermənistanın təhlükəsizliyi və rifahının yalnız Rusiya ilə sıx ittifaq şəraitində mümkün olduğu tezisini təşviq etməli olan “Yerevan1” media platforması olub. Bununla yanaşı, Ermənistanın 7 iyun seçkiləri ərəfəsində Rusiyadan ölkəyə kütləvi girişlə bağlı da məlumatlar yayılır. Bildirilir ki, “Zvartnots” hava limanının cədvəlinə əsasən, bu gün Rusiyadan Ermənistana 30 aviareys həyata keçirilir. Təyyarələrin orta tutumunun 180 nəfər olduğu nəzərə alınarsa, gündəlik sərnişin axını təxminən 5-6 min nəfər təşkil edir.Bu rəqəmlər bir həftəlik dövrə şamil edildikdə və quru nəqliyyatı ilə gələnlər də nəzərə alındıqda, Rusiyada uzun müddət yaşayan 100 mindən çox Ermənistan vətəndaşının respublikaya daxil ola biləcəyi qeyd olunur.
Bəs müşahidələr nə deyir? Başa çatmaqda olan təbliğat kampaniyası cəmiyyətdə daha çox hakimiyyətin, yoxsa Moskvaya bağlı radikal müxalifətin mövqeyini gücləndirib? Paşinyanın partiyası qalib olarsa, bir həftə sonra Rusiya bu ölkəyə satdığı təbii qazı bahalaşdıra bilərmi? Maraqlıdır ki, seçkilərə bir həftə qalmış “Europe Elects” nüfuzlu siyasi analitika platforması keçirdiyi sorğunun nəticəsinə görə, Nikol Paşinyanın reytinqi 65%-ə qalxıb. Bu, fevral ayından bəri 41% artım deməkdir. Qeyd edilib ki, Paşinyanın əsas rəqibləri heç 12%-i keçə bilməyib.
Deputat Elşad Musayev seçkilərdə Paşinyanın qələbə çalacağına inanır. Onun fikrincə, daha mürəkkəb proseslər nəticələr açıqlanandan sonra başlaya bilər. E.Musayev İrəvan küçələrində qarşıdurmaları istisna etmir: “Amma Ermənistan hüquq-mühafizə orqanları bu hadisələrə hazırlaşmamış deyil. Rusiyanın təsiri altında olan qüvvələrin xalqı meydanlara çıxarmağa çalışacağını güman edirəm. Sadəcə, etirazlar hakimiyyət dəyişikliyinə səbəb olmayacaq. Çünki parlament seçkiləridir və müxalifət də qazandığı mandata sahib çıxmalı olacaq. Zənnimcə, burada daha çox Rusiya ilə Ermənistan hökuməti arasında yaranan problemlərin həll olunmasıdır. Əgər Paşinyan Rusiyanın maraqlarını ciddi şəkildə nəzərə alacaqsa, Kreml təhdid və şantaja son qoya bilər”.

Deputat hesab edir ki, müxalifət vahid şəkildə seçkiyə getmir deyə ayrılıqda nə Karapetyanın partiyası, nə Köçəryanın bloku qalib gələ bilər. Amma E.Musayev Paşinyanın partiyasının təkbaşına hökumət qurmamaq riski olduğunu düşünür.
Onun sözlərinə görə, iqtidara yaxın bir partiya ilə koalisiya mümkündür: “Lakin müxalifət vahid güc kimi meydana çıxsaydı, daha çətin olardı. Ona görə favorit hazırkı hakim partiyadır. Rusiya isə hakimiyyəti sıxışdırır ki, onun sözünə baxsın. Yəni qazın qiyməti ilə şantaj etməkdən tutmuş, Volodinin təhqirlərinə, Putinin Ermənistanı Ukrayna ilə müqayisə etməsinə qədər təzyiq kampaniyasının arxasında məqsəd Paşinyanı Avropaya inteqrasiyadan çəkindirməkdir. Məncə, Paşinyan hələlik Rusiyaya qarşı açıq demarş etməyəcək”./musavat.com
