Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin süni şəkildə şişirdilməsi problemi hələ də aktuallığını qoruyur.
Bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu problemin həlli məqsədilə hələ 2009-cu ildə daşınmaz əmlak vasitəçilərinin (maklerlərin) fəaliyyətinin tənzimlənməsi istiqamətində addımlar atılıb:
“2009-cu ildə qərara gəldik ki, daşınmaz əmlak vasitəçilərini bir araya gətirək və bazardakı problemlərin həlli üzərində işləyək. Bunun üçün Realtorlar Assosiasiyası yaradılıb, mütəmadi təlimlər keçirilib, hətta xarici mütəxəssislər də cəlb olunub. Lakin gözlənilən nəticəni əldə etmək mümkün olmayıb”.
N. İbrahimov bildirib ki, bazarda qiymətlərin formalaşmasına təsir edən amillər çoxşaxəlidir və məsələyə yalnız vasitəçilərin fəaliyyəti prizmasından yanaşmaq düzgün deyil:
“Daşınmaz əmlak bazarında qiymətlərin tənzimlənməsində dövlət qurumlarının, xüsusilə də maliyyə və pul siyasətini həyata keçirən qurumların rolu mühüm əhəmiyyət daşıyır. Hazırda bazarda baş verən proseslər dövlət qurumları tərəfindən izlənilir və qiymət dinamikasının təhlili istiqamətində işlər aparılır”.
