Qafqazda yaşayan xalqların soyqırımı və köçkünlük faciələrinin hamısı bir-birinə bənzəyir.
Bu barədə “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürk “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı beynəlxalq konfransda bildirib.
“XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Çar Rusiyası tərəfindən işğalı başa çatdırıldı, 1918-ci ildə biz istiqlaliyyətimizi elan etdik, amma cəmi 2 il sonra yenidən işğalla üzləşdik. Bu dəfə də Rusiya işğalı idi”, – o qeyd edib.
O qeyd edib ki, sovet dövründə Azərbaycanın tarixi torpaqları – Zəngəzur və Dərələyəz – Ermənistana verilib:
“1937-ci ildə ziyalılarımız repressiyalara məruz qoyuldu. Ermənistanda yaşayan yüzminlərlə azərbaycanlı deportasiya edildi. Minlərlə insan bu sürgündə həyatını itirdi”.
A.Eyvazlı Göytürk həmçinin 1990-cı il 20 Yanvar hadisələrini xatırladaraq bildirib ki, rusiyalı hərbçilər Azərbaycan xalqının qanını töküblər:
“1992-ci ildə Rusiyanın 366-cı alayının iştirakı ilə Xocalıda soyqırımı törədilib, onun qurbanları 700-ə yaxın dinc sakin olub. Biz yaşadıqlarımızı unutmadıq, təslim olmadıq, milli yaddaşımızı diri saxladıq. Bizim ərazilərimizi 30 il Ermənistan necə işğal altında saxlaya bildi? Təbii ki, Rusiyaya görə. Üstümüzə yeriyən o Rusiya tankları indi Bakıda “Hərbi Qənimətlər Parkı”ndadır. Bu, tarixi ədalətin təntənəsidir. Bu Zəfərdən Rusiyada müstəmləkə zülmündən əziyyət çəkən bütün xalqlar üçün pay var. Şuşa bu Zəfərin rəmzidir. Ona görə bu gün Şuşadayıq, bir yerdəyik”.
