Azərbaycanda əhalinin kreditlərə tələbatı və borclanma səviyyəsində artım davam edir. Azərbaycan Mərkəzi Bankının (AMB) sorğusuna əsasən, 2026-cı ilin III rübündə bankların 22 faizi əhalinin borclanmasında orta dərəcədə artım olduğunu bildirib. Eyni zamanda, istehlak və ipoteka kreditlərinə tələbin də yüksəldiyi qeyd olunur.
Əhalinin kreditlərə marağının artması ailələrin maliyyə vəziyyətinə necə təsir edir? Borclanmanın genişlənməsi gələcəkdə problemli kreditlərin sayının artmasına səbəb ola bilərmi?
İqtisadçı Günay Hüseynova açıqlamasında bildirib ki, əhalinin kreditlərə tələbatının artması bir sıra iqtisadi və sosial amillərlə bağlıdır:
“Əhalinin kreditlərə tələbatının artması, ilk növbədə, gəlirlərin gündəlik xərcləri və istehlak ehtiyaclarını tam qarşılamaqda çətinlik çəkməsi ilə əlaqəli ola bilər. Mənzil, avtomobil, məişət texnikası və digər uzunmüddətli istifadə məhsullarının alınması üçün kreditlərə müraciət geniş yayılıb. Eyni zamanda, inflyasiyanın ailə büdcəsinə təsiri, bəzi xərclərin əvvəlcədən maliyyələşdirilməsi zərurəti və bankların kredit məhsullarını daha əlçatan təqdim etməsi borclanma meylini gücləndirir. İpoteka kreditlərinə tələbin artması isə əhalinin mənzil sahibi olmaq istəyinin və bu məqsədlə uzunmüddətli maliyyələşməyə ehtiyacının davam etdiyini göstərir”.

İqtisadçı qeyd edib ki, kreditləşmənin genişlənməsi iqtisadi aktivliyin və maliyyə xidmətlərinə çıxışın artması kimi qiymətləndirilə bilər. Bununla belə, borclanmanın gəlirlərin artım tempini üstələməsi ailələrin maliyyə dayanıqlığı üçün risk yaradır:
“Kreditləşmənin genişlənməsi müəyyən mənada iqtisadi aktivliyin və maliyyə xidmətlərinə çıxışın artması kimi qiymətləndirilə bilər. Lakin borclanmanın gəlirlərin artım tempini üstələməsi ailələrin maliyyə dayanıqlığı baxımından risk yaradır. Kredit ödənişləri ailə büdcəsində daha böyük pay tutduqda, ərzaq, kommunal xidmətlər, təhsil və səhiyyə kimi zəruri xərclərə ayrılan vəsait azalır. Xüsusilə gəliri sabit olmayan və bir neçə kredit öhdəliyi daşıyan ailələr üçün bu risk daha yüksəkdir. Gözlənilməz xərc, iş yerinin itirilməsi və ya gəlirin azalması belə ailələrin ödəniş qabiliyyətinə ciddi təsir göstərə bilər”.
Günay Hüseynovanın fikrincə, kredit borclarının artması fonunda problemli kreditlərin çoxalması ehtimalı da istisna deyil. O, rəsmi statistikaya əsasən, vaxtı keçmiş kreditlərin həcmindəki artıma diqqət çəkib:
“Problemli kreditlərin artması ehtimalı da mövcuddur. Kredit portfelinin sürətlə genişlənməsi fonunda borcalanların gəlirləri və ödəmə imkanları düzgün qiymətləndirilmədikdə, gecikmələrin çoxalması mümkündür. Rəsmi statistikaya görə, 2026-cı ilin avqust ayının sonuna ödəmə vaxtı keçmiş kreditlərin həcmi illik müqayisədə 36 faiz artaraq 721,8 milyon manata çatıb. Bununla belə, vaxtı keçmiş kreditlərin ümumi portfeldə payı 2,1 faiz səviyyəsində olub. Bu göstərici hazırda bank sektorunda sistemli böhran mənzərəsi yaratmasa da, gecikmiş borcların artım tempi diqqətlə izlənilməlidir”.
İqtisadçı hesab edir ki, kreditləşmənin artması özlüyündə problemli kreditlərin kəskin çoxalacağı anlamına gəlmir. Burada əsas meyar borcalanların gəlirləri, kreditlərin verilmə məqsədi və bankların riskləri düzgün qiymətləndirməsidir:
“Mövcud dinamikanın davam etməsi avtomatik olaraq problemli kreditlərin kəskin artacağı demək deyil. Burada əsas məsələ kreditlərin hansı məqsədlə verilməsi, borcalanların gəlir səviyyəsi və bankların riskləri nə dərəcədə düzgün qiymətləndirməsidir. Kredit artımı real gəlirlərin yüksəlməsi və iqtisadi imkanların genişlənməsi ilə müşayiət olunarsa, bu, sağlam proses sayıla bilər. Əks halda, borclanmanın istehlak xərclərini qarşılamaq üçün gəlirləri qabaqlaması həm ailələrin maliyyə vəziyyətini zəiflədə, həm də bank sektorunda kredit risklərini artıra bilər. Buna görə kreditləşmənin həcmi ilə yanaşı, borcun gəlirə nisbəti və ödəniş yükü də əsas göstəricilər kimi nəzərə alınmalıdır”./Qaynarinfo.az
