“Rusiyanın ərazi tələbləri təhlükəli presedent yaradır”
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa nümayəndə heyətinin ABŞ-nin vasitəçiliyi ilə keçiriləcək Rusiya-Ukrayna danışıqlarının növbəti raundunda iştirak edəcəyini bildirib.
Fon der Lyayen Avropa nümayəndələrinin danışıqlarda iştirakının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Ukraynanın təhlükəsizliyi birbaşa Avropanın təhlükəsizliyi ilə bağlıdır. Avropa Komissiyasının sədri qeyd edib ki, danışıqlarda irəliləyiş Rusiyanın bəyanatları ilə deyil, konkret addımları ilə qiymətləndiriləcək.
O həmçinin Moskvanın danışıqlara ciddi yanaşdığını nümayiş etdirmək üçün bir sıra ilkin şərtləri yerinə yetirməli olduğunu bildirib.
Mövzunu şərh edən Milli Cəbhə partiyasının başqanın müavini Məhəmməd Əsədullazadə açıqlamasında Rusiyanın ərazi tələbinin danışıqları çətin vəziyyətə saldığını deyib: 
“Danışıqlarda həm Ukraynanın, həm də Rusiyanın təhlükəsizlik təminatları və müharibədən sonrakı münasibətləri müzakirə olunacaq.
Lakin danışıqlar prosesində əsas problem olaraq ərazi məsələsi qalır. Rusiya Donbasın hazırda Ukraynanın nəzarətində olan ərazilərini də tələb edir. Təbii ki, Kiyev bu tələblə razılaşmır və ərazi güzəştlərinə getmək niyyətində olmadığını bildirir. Rusiyanın Ukraynanın nəzarətində olan ərazilərlə bağlı iddialarından geri çəkilməsi danışıqlar prosesində irəliləyişə və atəşkəs razılaşmasına imkan yarada bilər. Moskva danışıqlarda və sülhdə maraqlı olduğunu bəyan etsə də, ərazi tələblərinin davam etməsi prosesin irəliləməsinə mane olur. Eyni zamanda, bu tələblərin qəbul edilməsi gələcəkdə Rusiyanın yeni ərazi iddiaları irəli sürməsi üçün presedent yarada bilər. Bu baxımdan, Ukrayna və Avropa İttifaqının belə güzəştlərə münasibəti danışıqların taleyində mühüm rol oynayacaq.
Göründüyü kimi, danışıqlar prosesi müəyyən mənada dalandan çıxmaq istiqamətində irəliləsə də, Rusiyanın ərazi tələbləri əsas maneə olaraq qalır. Bu məsələdə ortaq mövqeyin əldə olunması atəşkəs və gələcək sülh razılaşmasının perspektivlərini müəyyən edəcək”./sherg.az
