Hakimiyyət daxilində baş verən son istefalar ölkənin idarəetmə modeli, hərbi strategiyası və siyasi sabitliyi ətrafında geniş müzakirələrə səbəb olub
The Washington Post nəşrinin dərc etdiyi təhlildə Ukrayna Prezidenti Volodimir Zelenskinin son günlər həyata keçirdiyi yüksəkvəzifəli kadr dəyişikliklərinin ölkə daxilində və beynəlxalq tərəfdaşlar arasında ciddi suallar doğurduğu bildirilir.
Məqalədə qeyd olunur ki, cari ilin Ukrayna üçün mühüm hərbi uğurlar ili olacağı gözlənilirdi. Lakin gözlənilmədən Zelenski müdafiə naziri Mixaylo Fedorovu, baş naziri və Ukrayna Silahlı Qüvvələrinin baş komandanını vəzifədən uzaqlaşdıraraq indiyədək uğurlu hesab edilən komandanı dəyişib.
Nəşrin yazdığına görə, bu addımlar analitiklər arasında “niyə məhz indi?” sualını gündəmə gətirib. Ehtimal olunan səbəblər sırasında müasir müharibənin idarə olunmasına dair nəsillərarası fikir ayrılığı, korrupsiya ilə bağlı ziddiyyətlər, Müdafiə Nazirliyi ilə hərbi komandanlıq arasında uzun müddətdir davam edən qarşıdurmalar, həmçinin Zelenskinin populyarlığı artan yüksəkvəzifəli şəxsləri vəzifədən uzaqlaşdırmaq meyli göstərilir.
Məqalədə vurğulanır ki, səbəblərdən asılı olmayaraq, Zelenski gözləmədiyi siyasi böhranla üzləşib və onun nəticələrini həm ölkə daxilində, həm də beynəlxalq münasibətlərdə nəzarətdə saxlamağa çalışır. Bildirilir ki, prezident xüsusilə Ağ ev və NATO ilə münasibətlərə mənfi təsirin qarşısını almaq üçün addımlar atır.
Müdafiə məsələləri üzrə analitik Nikolay Beleskov hesab edir ki, yaranmış qalmaqal Ukraynanın hərbi idarəetmə sistemində aylardır formalaşan institusional ziddiyyətləri üzə çıxarıb.
“Yəqin ki, Zelenski Fedorovun müsbət dəyişikliklərin simvoluna çevrildiyini tam dərk etməmişdi. Ümumilikdə isə etirazlar hərbi strategiya və döyüşlərin idarə olunması ilə bağlı geniş müzakirələrə çevrildi”, deyə Beleskov bildirib.
Kiyevdə fəaliyyət göstərən və adının açıqlanmasını istəməyən avropalı diplomat isə bildirib ki, kadr dəyişikliklərinin arxasında fraksiyalararası mübarizə, korrupsiya amili, şəxsi ambisiyalar və siyasi hesablamalar dayanır.
“Hər üç səbəb doğrudur. Eyni zamanda Fedorov Zelenski üçün siyasi təhlükəyə çevrilmişdi və bir çox qruplar onun hakimiyyətdən uzaqlaşdırılmasını istəyirdi”, deyə diplomat qeyd edib.
Nəşr yazır ki, qalmaqalın məhz bu dövrdə baş verməsi Ukraynanın tərəfdaşlarını da narahat edir. Bildirilir ki, Kiyev yalnız indi ABŞ Prezidenti Donald Trampla münasibətləri sabitləşdirə bilib. Həmçinin Ukrayna bu ay öz zenit-raket komplekslərini istehsal edə biləcəyinə dair Ağ evdən mühüm dəstək vədi alıb.
Məqalədə qeyd olunur ki, siyasi baxımdan qeyri-sabit görünən bir ölkəyə hərbi yardım göstərilməsi daha çətin ola bilər. Bununla yanaşı, Rusiyanın pilotsuz uçuş aparatları və raket zərbələrinin davam etdiyi vurğulanır./poliqon.info
