ABŞ Prezidenti Donald Tramp iyulun əvvəlində İrandan qaynaqlandığı bildirilən təhlükə səbəbindən Türkiyəni məxfi şəkildə hərbi təyyarə ilə tərk edib.
Bu barədə “The Washington Post” (WP) mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ankarada keçirilən NATO sammitindən sonra Trampın təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi əməliyyat həyata keçirilib. Ağ Ev ABŞ Prezidentinin “Air Force One” təyyarəsində olduğunu bildirsə də, Tramp əslində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus daha kiçik C-32A hərbi-nəqliyyat təyyarəsi ilə Türkiyədən çıxarılıb.
Mənbələr bildiriblər ki, Tramp əvvəlcə jurnalistlərin gözü qarşısında prezident təyyarəsinə qalxıb. Bir neçə dəqiqə sonra isə məxfi şəkildə oradan çıxarılaraq kiçik yük avtomobili ilə digər təyyarəyə aparılıb. Əməliyyatdan hətta bəzi Ağ Ev əməkdaşlarının və Prezidentlə səfər edən jurnalistlərin də xəbəri olmayıb.
WP-nin ABŞ rəsmilərindən birinə istinadən yazdığına görə, bu addım potensial hücum təşkilatçılarını çaşdırmaq və İrandan qaynaqlandığı bildirilən “real təhlükə”yə qarşı Trampın təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.
Ağ Evin kommunikasiya direktoru Stiven Çunq məlumatın detallarını şərh etməyib. O bildirib ki, ABŞ Prezidentini hədəf alan təhlükələrə qarşı mövcud bütün vasitələrdən istifadə edilir.
