Ermənistandakı yeni data mərkəzi ABŞ-nin qlobal infrastrukturunun bir hissəsi olacaq.
Bunu Azərbaycanın keçmiş XİN başçısı Tofiq Zülfüqarov öz sosial media səhifəsində bildirib.
Onun sözlərinə görə, bu, sadəcə məlumat saxlama qurğusu deyil, süni intellekt sistemlərini və digər proqramları idarə etmək üçün istifadə edilə bilən qlobal rəqəmsal infrastrukturun regional elementidir.
“Bu proqramlar, əvvəlki kimi, ABŞ-dən idarə olunacaq. Ermənistan onların fəaliyyətini təmin etmək üçün enerji və digər texniki resurslar təmin etmək öhdəliyi götürüb”, – deyə Zülfüqarov qeyd edib.
O hesab edir ki, ABŞ investisiyaları iki istiqamətə yönəldilə bilər: avadanlıqların yerləşdirilməsi, texniki xidməti və onları təchiz etmək üçün modul nüvə elektrik stansiyalarının tikintisi. Onun fikrincə, birinci mərhələdə elektrik enerjisi Sovet dövründə tikilmiş mövcud Ermənistan Atom Elektrik Stansiyasından təmin edilə bilər.
Zülfüqarov həmçinin bildirib ki, bu, ABŞ-ni əvvəllər Ermənistan üçün yeni nüvə enerjisi istehsalı layihələrinin potensial təchizatçıları hesab edilən Rusiya və Fransadan üstün edir. Eyni zamanda, Zülfüqarov bu data mərkəzinin yaradılmasının avtomatik olaraq ölkənin İT sektorunun sürətli inkişafına səbəb olacağı iddialarına şübhə ilə yanaşır.
“Bu məntiqlə, Elmlər Akademiyasının qonşuluğunda yaşayan hər kəs doktorluq dərəcəsi almalıdır”, – deyə o, istehza ilə qeyd edib.
Zülfüqarovun sözlərinə görə, Azərbaycan və Qazaxıstan da daxil olmaqla, əhəmiyyətli enerji ehtiyatlarına malik digər ölkələr də data mərkəzlərinə ev sahibliyi etmək təklifləri alır.
O hesab edir ki, belə ölkələr üçün data mərkəzləri enerji ixracının yeni bir formasına çevrilə bilər – enerjinin xaricə fiziki olaraq daşınmasına ehtiyac olmadan xarici texnologiya şirkətlərinə yerindəcə çatdırılması.
Qeyd edək ki, Ermənistan son illərdə özünü regional texnologiya mərkəzi kimi təqdim etməyə çalışır. ABŞ-nin süni intellekt nəhəngi olan “Nvidia”-nın dəstəklədiyi data mərkəz layihəsi bu baxımdan Ermənistanda böyük hay-küylə tqədim olunur. Lakin T.Zülfüqarovun da dediyi kimi, bu mərkəz daha çox ABŞ-nin maraqlarına xidmət edəcək, nəinki Ermənistanın.
Xatırladaq ki, avqustun 8-də Ermənistanın Hrazdan şəhərində “Firebird” şirkətinin Süni İntellekt mərkəzinin açılışı olub. Şirkət bildirir ki, bu obyekt MDB məkanında ən böyük Süni İntellekt fabrikidir və “Nvidia” texnologiyaları əsasında qurulub.
Açılış mərasimində Ermənistanın Baş naziri Nikol Paşinyan, “Nvidia” rəhbərliyi, ABŞ və Qazaxıstan nümayəndələri iştirak ediblər.
Layihənin təqdimatında “Nvidia”nın erməni əsilli vitse-prezidenti Rev Lebaredian da iştirak edib. Məhz Labaredian şirkətin simulyasiya texnologiyaları istiqamətinə rəhbərlik edir və “Nvidia”-nın Ermənistandakı bu layihəyə diqqəti, eləcə də böyük investisiya yatırması onun təşəbbüsü hesab edilir./azpolitika.info
