“Qarabağı Ermənistan işğal etmişdi, Abxaziyanı da Rusiya”.
Bunu Gürcüstanın müxalif “Federalistlər” partiyasının sədri Tamar Çerqoleişvili sosial şəbəkədə yazıb.
“Gürcü cəmiyyətini tarix saxtalaşdırmaq yolu ilə niyə məhv edirsiniz? Siz russunuz? Yoxsa teymurazxevistavlar? Yaxud özünü “sülh qurucuları” elan edənlərlə flört etmək nə qədər səthi və bədbəxt yanaşmadır. Paşinyanın bununla ümumiyyətlə nə əlaqəsi var? Azərbaycan Ermənistan tərəfindən Rusiyanın köməyi ilə işğal edilmiş ərazini geri aldı. Rusiya və KTMT Paşinyana kömək edə bilmədi, onu, Kral İrakli kimi, Suriya kimi, İran kimi tək buraxdılar. Paşinyan öz taleyi ilə razılaşıb Qərbə üz tutmaqdan başqa nə etməli idi?
Paşinyanın etdiyi şey – yəni taleyi ilə razılaşmaq Rusiyanın onları da tərk etdikdə Abxaziyanın qondarma hökumətinin də etməli olacağı şeydir və 200 mindən çox məcburi köçkün öz torpaqlarına qayıdacaq. Bu da baş verəcək. İşğal olunmuş Abxaziyanın qondarma hökuməti öz travmasını özü sağaltmalı olacaq. Paşinyanla məhz bu yöndə paralel aparmaq lazımdır, paralel Gürcüstan deyil”, – Çerqoleişvili qeyd edib.
Gürcüstan müxalifətinin liderlərindən biri Nika Qvaramiya bundan əvvəl “Formula” telekanalının efirində bildirmişdi:
“Paşinyana ona görə heyranam ki, o, travmaların öhdəsindən gəlməyi bacardı. Bu, Qarabağın təhvil verilməsi idi, elə deyilmi? Müharibə oldu, ardınca (müharibədə uduzduqdan sonra – red.) Ermənistan bəyan etdi ki, “məni bundan xilas edin, aparın”.
Xatırladaq ki, Ermənistan Nikol Paşinyan 44 günlük müharibə zamanı və ora qədər Qarabağın Azərbaycana məxsus olduğunu bildirməyib. Müharibədən təxminən iki il sonra Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, çox sonralar da bunun “Ermənistan üzərində yük” olduğunu bəyan edib. Ona qədər isə məsələyə Ermənistan dövlətinin işğalçı-separatçı konsepsiyası çərçivəsində baxıb. Bu mövqeyin dəyişib-dəyişmədiyi isə Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Ermənistan Konstitusiyasınında dəyişiklik edilib-edilməyəcəyi ilə məlum olacaq. Bu, yekun sülh sazişinin imzalanması üçün rəsmi Bakının tələbidir.
Müharibə isə Nikol Paşinyanın “Qarabağ Ermənistandır” təxribatına və ora qədər 30 il davam edən işğala Azərbaycanın ən haqlı reaksiyası idi. Bu, Qarabağın Ermənistan tərəfindən Azərbaycana təhvil verilməsi prosesi yox, Ermənistanın davam edən işğalının və diplomatik həll prosesindən boyun qaçırmasının doğurduğu nəticəydi. Yekunda da Azərbaycan işğal edilmiş ərazilərini və ərazi bütövlüyünü bərpa etdi.
KTMT və Rusiyanın o zaman canlı qüvvə ilə Ermənistana yardım etməməsinə gəlincə, müharibə Azərbaycan ərazisində gedirdi, hərbi blok və Moskvanın müttəfiqlərinə kömək məqsədilə müdaxiləsi üçün heç bir zəmin yox idi. Amma Rusiya o zaman da, əvvəllər olduğu kimi, Ermənistana lazımi hərbi dəstəyi vermişdi./teleqfraf.az
