ABŞ-ın İncəsənət Komissiyasının rəhbəri Rodni Mims Kuk bu yay Rusiyaya gizli səfər edərək Kreml nümayəndələri ilə danışıqlar aparıb.
Bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, səfər Rusiyanın iyun ayında Sankt-Peterburqda keçirilən iqtisadi forumundan əvvəl baş tutub. “Rusiya mədəniyyətinin həvəskarı” kimi tanınan Kuk səfəri Rusiyaya “mədəniyyət səfəri” kimi təqdim edib.
Nəşrin məlumatına görə, ABŞ-da bu cür səfərlərin Rusiya-Ukrayna müharibəsi ilə bağlı yaranmış diplomatik dalandan çıxmağa kömək edə biləcəyinə ümid edirlər.
Kuk 2018-ci ildən bəri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edən ilk amerikalı məmur olub. ABŞ tanınmış amerikalı iş adamının həbsinə etiraz olaraq tədbiri boykot etmiş, həmçinin Ukraynaya müdaxilədən sonra forumda iştirakdan çəkinmişdi.
Jurnalistlərin bildirdiyinə görə, Rusiya forum zamanı həyatın normal davam etdiyini göstərməyə çalışsa da, Ukraynanın zərbələri müharibəni tədbirin gündəminə çıxarıb. Kukun özü səhər yeməyi zamanı Ukraynaya məxsus pilotsuz uçuş aparatının Neva çayı üzərində yerləşən Rusiya neft emalı zavoduna zərbəsinin şahidi olub.
Kuk Rusiyaya səfərinin təfərrüatlarını şərh etməkdən imtina edib. O, gələcəkdə Moskvaya qayıdaraq danışıqları davam etdirib-etdirməyəcəyi ilə bağlı suala da cavab verməyib.
Bununla yanaşı, amerikalı məmur bildirib ki, ABŞ “müharibəyə son qoymaq üçün hər iki tərəflə işləyərək danışıqlarda konstruktiv rol oynamağa davam edir”. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp sülh razılaşmasına nail olunacağına “nikbin yanaşır”.
Jurnalistlərin məlumatına görə, görüşlər zamanı Kuk əsasən ABŞ və Rusiya arasında mədəniyyət məsələlərindən danışıb. Təqdimat zamanı isə Ukraynadakı müharibənin adını çəkməkdən yayınıb. O, yalnız çıxışının sonunda ölkələrin “bu məqsədlərə çatmaq üçün sülh şəraitində yaşamalı olduğunu” deyib./qaynarinfo.az
