Bakı metrosunda “28 May-Nizami” xəttinin müvəqqəti bağlanması təkcə nəqliyyata deyil, kirayə mənzil bazarına da təsir edə bilər. Metroya yaxın yaşamağı üstün tutan tələbələr və işə gedib-gələnlər artıq alternativ ərazilərə yönələ bilərlər. Bu isə bəzi rayonlarda kirayə mənzillərə tələbatın və qiymətlərin artmasına səbəb ola bilər.
Digər tərəfdən, bağlanan xəttin ətrafındakı mənzillərə marağın müvəqqəti azalacağı da istisna edilmir. Metro xəttinin bağlanması kirayə qiymətlərini artıracaq?
Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib ki, 2019-cu ildən etibarən Bakı şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan çərçivəsində istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yaşayış binaları və komplekslərin tikintisi istiqamətində pilot layihələr həyata keçirilir.
Onun sözlərinə görə, söküntü aparılan ərazilərdə yaşayan vətəndaşlar tikinti şirkətləri tərəfindən yeni bina istifadəyə verilənədək kirayə mənzillərlə təmin edilir: “Yeni bina tikildikdən sonra həmin şəxslər kirayə mənzillərdən çıxaraq əvvəlki mənzillərinin yerində inşa edilmiş yeni mənzillərə köçürülürlər. Bir binanın tikintisi təxminən iki il yarım-üç il çəkir. Bu müddət ərzində bir bina söküldükdə, orta hesabla 100-120 ailə kirayə mənzillə təmin edilir. Həmin mənzillər isə iki il yarım, üç il ərzində kirayə bazarına qayıtmır. Bu baxımdan, 2019-cu ildən etibarən hər il kirayə mənzillərə tələbat artır və bunun nəticəsində qiymətlərdə də artım müşahidə olunur.
A.Nəsirov qeyd edib ki, daşınmaz əmlak bazarında, o cümlədən kirayə bazarında qiymətlər əsasən tələb və təklif nisbəti əsasında formalaşır. Tələbatın artması qiymətlərin yüksəlməsinə, təklifin çoxalması isə bazarda rəqabətin güclənməsinə və qiymətlərin aşağı düşməsinə səbəb olur: “Son illərdə söküntülərin genişlənməsi nəticəsində kirayə bazarından müəyyən sayda mənzilin çıxarılması təklifin azalmasına, eyni zamanda tələbatın artmasına səbəb olub. Bu isə öz növbəsində kirayə qiymətlərinin yüksəlməsinə təsir göstərib.
2026-cı ildə də yeni dərs ilinin başlaması ilə əlaqədar kirayə mənzil bazarında tələbatın artacağı gözlənilir. Yay aylarında istirahət üçün bölgələrə gedən tələbələrin Bakıya qayıtması ilə yanaşı, bu il ali məktəblərə yeni qəbul olunan tələbələrin də paytaxta gəlməsi kirayə mənzillərə tələbatı artıracaq.
Avqust və sentyabr ayları hər il tələbələrin kirayə bazarına daha çox üz tutduğu dövrə təsadüf edir. Həm əvvəlki illərdə Bakıda təhsil alan və yay tətilindən sonra şəhərə qayıdan tələbələr, həm də yeni qəbul olunan tələbələr kirayə mənzil axtarışına başlayırlar. Bu da bazarda tələbatı əhəmiyyətli dərəcədə artırır”.
Ekspert vurğulayıb ki, tələbatın artdığı, lakin təklifin məhdud olduğu şəraitdə qiymət artımı qaçılmazdır. Bu səbəbdən avqust-sentyabr aylarında kirayə mənzillərin qiymətlərində hər il artım müşahidə olunur: “2019-cu ildən başlayaraq söküntülərin artması fonunda kirayə bazarında təkrar təklif olunan mənzillərin sayı da azalıb. Xüsusilə münasib qiymətə mənzillərin bazardan çıxması tələbələr üçün seçim imkanlarını məhdudlaşdırır. Tələbələr əsasən köhnə binalara və həyət evlərinə üstünlük verirlər. Bunun əsas səbəbi həmin mənzillərin yeni tikililərlə müqayisədə daha münasib qiymətə təklif olunmasıdır. Lakin köhnə binaların və həyət evlərinin də söküntüyə cəlb edilməsi nəticəsində bu kateqoriyaya aid kirayə mənzillərin sayı azalır. Təklifin azalması isə daha aşağı qiymət seqmentində kirayə haqlarının artmasına gətirib çıxarır”.
Ekspert hesab edir ki, metro stansiyaları arasında yaranan fasilələrin kirayə bazarına müəyyən təsiri olsa da, əsas amil bu deyil: “Qiymətlərə daha ciddi təsir göstərən amil yeni dərs ilinin başlanması ilə əlaqədar tələbələrin Bakıda kirayə mənzil axtarışına çıxmasıdır.
Bir sözlə, hər il olduğu kimi, bu il də yeni dərs ilinin başlaması ilə əlaqədar kirayə mənzillərə tələbat artacaq. Kirayə verilən mənzillərin sayı az, kirayə götürmək istəyənlərin sayı çox olduqda isə qiymət artımı yaranır”./azpolitika.info
