ABŞ Prezidenti Donald Tramp İranla münaqişə və Hörmüz boğazı ətrafında yaranmış böhranla bağlı növbəti hədələyici bəyanatlarla çıxış edib.
Xəbər verdiyimiz kimi, Tramp bu dəfə Tehranla yanaşı Omana da hərbi zərbə endirə biləcəyini iddia edib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb. “Fox News” telekanalına müsahibə verən ABŞ dövlət başçısı İranla gəmiçilik marşrutları barədə müstəqil danışıqlar aparan Omandan narazılığını gizlətməyib: “Əgər Oman bu işdə bizə mane olarsa, biz onları bombalayacağıq”.
Xatırladaq ki, Oman uzun illərdir Vaşinqtonla Tehran arasında əsas vasitəçi rolu oynayır. Lakin son günlər İran və Oman Hörmüz boğazında gəmilərin keçidini tənzimləmək üçün birgə mexanizm üzərində razılığa gəldiklərini bəyan ediblər.
Trampın bu sərt reaksiyası məhz Maskatın ABŞ-nin İranı tam təcrid etmək və boğaz üzərində nəzarət qurmaq strategiyasına müdaxilə etməsi narahatlığından qaynaqlanır.
Tramp İran rəhbərliyini “ağ bayraq qaldıraraq təslim olmağa” çağırıb. İran diplomatlarını “yaxşı poker oyunçuları” adlandıran ABŞ lideri, buna baxmayaraq, Vaşinqtonun tətbiq etdiyi dəniz blokadası və iqtisadi təzyiqlər səbəbindən Tehranın ağır vəziyyətdə olduğunu iddia edib: “Tələsmirəm, vaxt məhdudiyyətim də yoxdur. Lakin bir nömrəli məqsədimiz dəyişməz qalır – İran heç bir halda nüvə silahına sahib ola bilməz”.
ABŞ Prezidenti həmçinin Vaşinqtonun İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmiləri ilə birbaşa əlaqə saxladığını və gizli kanalların mövcud olduğunu iddia edib.
Lakin İran tərəfi və SEPAH-a yaxın mənbələr bu iddianı təkzib edərək ABŞ ilə heç bir birbaşa təmasın olmadığını bildiriblər.
Qeyd edək ki, avqustun 17-də ABŞ və İran arasında müvəqqəti razılaşmanın (60 günlük) müddəti başa çatıb. Tehran bəyan edib ki, diplomatik səylər nəticə verməzsə, Hörmüz boğazında “hücum” mövqeyinə keçə bilər. Bu isə Yaxın Şərqdə genişmiqyaslı yeni hərbi toqquşma riskini maksimum dərəcəyə qaldırır./azpolitika.info
