ABŞ administrasiyası İsrail, Suriya və Türkiyə arasında mümkün qarşıdurmaların qarşısının alınması üçün xüsusi mexanizmin yaradılması üzərində işləyir.
Bu barədə ABŞ Prezidentinin Suriya və İraq üzrə xüsusi nümayəndəsi, ölkənin Türkiyədəki səfiri Tom Barrak “Reuters” agentliyinə müsahibəsində bildirib.
Barrak İsrail, Suriya və Türkiyənin iştirakı ilə münaqişələrin qarşısını alacaq mexanizmin yaradılmasına ehtiyac olduğunu deyib.
“Gələcəkdə anlaşılmazlıqların qarşısını almaq üçün bu mexanizmin yaradılması üzərində intensiv işləyirik. Hazırda prioritet gərginliyin azaldılması və daha ölçülü yanaşma üçün şəraitin formalaşdırılmasıdır”, – diplomat bildirib.
Onun sözlərinə görə, sözügedən mexanizm üç ölkənin silahlı qüvvələri arasında anlaşılmazlıqların və təsadüfi toqquşmaların qarşısını almaq üçün rabitə kanalı rolunu oynayacaq.
Barrak, həmçinin Türkiyənin İsrailin Suriya-Türkiyə sərhədinə yaxın ərazidə yerləşən Əbu-Duhur aviabazasına endirdiyi hava zərbələri barədə əvvəlcədən məlumatlandırılmadığını açıqlayıb. Diplomatın sözlərinə görə, Ankara İsrail təyyarələrinin hərəkətini izləyib və buna görə hərbi cavab tədbirlərinə hazırlaşa bilərdi.
“Xoşbəxtlikdən, soyuqqanlı davranış vəziyyətin daha da gərginləşməsinin qarşısını aldı”, – Barrak vurğulayıb.
ABŞ rəsmisi bildirib ki, Türkiyə Suriya ordusunun hazırlığına dəstək verir, Dəməşqə dövlət institutlarının və infrastrukturun bərpasında kömək göstərir, həmçinin hərbi və diplomatik yardım edir. Barrak Türkiyənin yaxın gələcəkdə İsrailin zərbə endirdiyi Əbu-Duhur bazasındakı mövcudluğunu artıra biləcəyini də istisna etməyib.
Qeyd olunur ki, Suriya və İsrail gərginliyin azaldılması məqsədilə bir neçə raund danışıqlar aparsalar da, tərəflər arasında razılaşma əldə edilməyib. Barrakın sözlərinə görə, son hadisə bu istiqamətdə səylərin intensivləşdirilməsinin və dialoqun genişləndirilməsinin vacibliyini göstərir.
Bundan əvvəl “Syria TV” İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın şimal-qərbində, İdlib əyalətində yerləşən Əbu-Duhur aerodromuna bir neçə zərbə endirdiyini bildirmişdi. “Reuters”in məlumatına görə, hücum zamanı uçuş-enmə zolağı və anbarlara zərbə dəyib. Mülki şəxslər arasında itkilər barədə məlumat verilməyib./teleqraf.az
