Çinin “Datang Corporation” şirkəti tərəfindən Azərbaycanın enerji sektorunun mütəxəssisləri üçün xüsusi təlim və texniki səfər proqramı təşkil olunub.
Energetika Nazirliyinin məlumatına görə, iki həftəlik proqram Azərbaycan ilə Çin arasında enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, qabaqcıl texnologiyalar üzrə təcrübə mübadiləsinin aparılması və peşəkar əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.
Təlim proqramının açılışında Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanov videoformatda çıxış edərək iştirakçıları salamlayıb və proqramın Azərbaycan-Çin enerji əməkdaşlığının inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
“Datang Corporation”un baş direktor müavini Li Deyong təlim iştirakçılarını salamlayaraq proqramın uğurla həyata keçirilməsi ilə bağlı xoş arzularını bildirib.
Proqram çərçivəsində iştirakçılara külək, hidrogen enerjisi, qabaqcıl enerji saxlanc sistemləri, o cümlədən sıxılmış hava əsaslı enerji saxlancı (CAES), külək-günəş-enerji saxlancının inteqrasiya olunmuş sistemləri, müasir yüksək səmərəli qaz turbinləri, ənənəvi hidroelektrik stansiyalar və nasoslu hidroakkumulyasiya elektrik stansiyaları üzrə təqdimatlar və praktiki məlumatlar verilir.
Səfər proqramının mühüm hissəsini Çendu və Çuntsin şəhərlərində qabaqcıl sənaye və enerji layihələrinə texniki səfərlər təşkil edir. Bu səfərlər çərçivəsində Azərbaycan nümayəndələri müasir enerji texnologiyalarının tətbiqi, istismarı və enerji sistemlərinə inteqrasiyası ilə bağlı yerində təcrübə əldə edirlər.
Səfərdə Azərbaycan Respublikasının Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələri iştirak edirlər.
Azərbaycan elektrik enerjisi istehsalının artırılması və enerji sisteminin şaxələndirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı dövlətin enerji strategiyasının əsas prioritetlərindən biridir. Hazırda ölkədə BP, Masdar, ACWA Power, China Gezhouba Group Overseas Investment, SOCAR Green və digər tərəfdaşlarla günəş və külək elektrik stansiyalarının tikintisi üzrə iri investisiya layihələri icra olunur. Bu layihələrin reallaşdırılması nəticəsində yaxın illərdə Azərbaycanın enerji balansına minlərlə meqavat yeni istehsal gücü əlavə olunacaq ki, bu da təbii qaza daxili tələbatı azaldaraq daha çox qazın ixracına imkan verəcək.
Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, bu layihələrin nəticəsində 2035-ci ilədək Azərbaycanın enerji balansında bərpa olunan enerji mənbələrinin payının təxminən 43 faizə çatdırılması nəzərdə tutulur.
Nazir bildirib ki, Azərbaycan Mərkəzi Asiya ilə qonşu regionlar arasında yeni enerji və investisiya platformasının formalaşdırılması istiqamətində strateji layihələr həyata keçirir. Onun sözlərinə görə, əsas təşəbbüslərdən biri Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi layihəsidir. “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında elektrik sistemlərini birləşdirəcək Transxəzər enerji dəhlizinin yaradılması ölkələrimizin strateji baxışının tərkib hissəsidir. Bu layihə Xəzər dənizi vasitəsilə Avropa, Asiya və Çin arasında yaşıl enerji körpüsü rolunu oynayacaq Orta Dəhlizin inkişafı üçün də geniş imkanlar yaradır”, – deyə Pərviz Şahbazov vurğulayıb.
Nazirin sözlərinə görə, Bakı şəhərində yerləşən “Green Corridor Alliance” birgə müəssisəsi artıq fəaliyyət göstərir və Asiya İnkişaf Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyələşdirdiyi texniki-iqtisadi əsaslandırma işlərini əlaqələndirir. Bununla yanaşı, “Xəzər–Qara dəniz–Avropa” Yaşıl Enerji Dəhlizi, Azərbaycan–Türkiyə–Avropa və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji interkonnektorları üzrə də intensiv işlər davam etdirilir. Pərviz Şahbazov bildirib ki, “yaşıl enerji dəhlizləri gələcəyin geoiqtisadi xəritəsini formalaşdırır” və bu təşəbbüslər yalnız enerji ixracını deyil, həm də rəqəmsal bağlantıların, fiber-optik infrastrukturun və regional iqtisadi əməkdaşlığın inkişafını stimullaşdıracaq.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə Trend-ə eksklüziv müsahibəsində bildirib ki, ölkə Avropa və Mərkəzi Asiya arasında yaşıl enerji körpüsünün formalaşmasında getdikcə daha mühüm rol oynayır.
“Azərbaycan artıq yalnız enerji resurslarının ixracatçısı deyil, həm də regional enerji bağlantılarının və yaşıl enerji dəhlizlərinin təşəbbüskarlarından biridir. Hazırda həyata keçirilən külək və günəş enerjisi layihələri ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, elektrik enerjisinin ixrac imkanlarını da əhəmiyyətli dərəcədə artıracaq”, – deyə Cavid Abdullayev vurğulayıb.
Onun sözlərinə görə, Xəzər dənizinin böyük külək potensialı, yeni elektrik ötürücü xətlərin yaradılması və “Xəzər–Qara dəniz–Avropa” yaşıl enerji dəhlizi kimi təşəbbüslər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcək. “Yaşıl enerji layihələri ölkəyə əlavə ixrac gəlirləri qazandırmaqla yanaşı, daxili enerji balansının optimallaşdırılmasına, təbii qaz sərfiyyatının azalmasına və daha çox qazın xarici bazarlara yönəldilməsinə imkan yaradacaq”, – deyə o əlavə edib.
