Donald Tramp administrasiyası İrana iqtisadi təzyiqi kəskin şəkildə artırmaq niyyətindədir. Vaşinqton Tehranla ticarət və maliyyə əlaqələrini davam etdirən ölkə və şirkətləri ciddi sanksiyalarla təhdid edir.
“Bloomberg” xəbər verir ki, bu strategiya İran neftinin əsas alıcısı olan Çinlə kəskin münaqişəyə səbəb ola bilər.
ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqtonun İranın iqtisadi tərəfdaşlarına təzyiqi artırmaq üçün xüsusi plan hazırladığını açıqlayıb. O, “CNBC” kanalına müsahibəsində “ya bizimləsiniz, ya da bizə qarşısınız” deyərək, dünya tarixində ən böyük əlaqələndirilmiş iqtisadi təcridin tətbiq ediləcəyini bəyan edib.
Vaşinqtonun əsas maneəsi: Pekin faktoru
Vaşinqton üçün əsas çətinlik İran neft ixracının təxminən 90%-ni alan Çinlə bağlıdır. İndiyədək ABŞ Çinin ayrı-ayrı müstəqil neft emalı zavodlarına sanksiya tətbiq etsə də, İranla ticarəti maliyyələşdirən əsas Çin banklarını hədəf almaqdan çəkinirdi.
İndi isə vəziyyət dəyişə bilər. Prezident Tramp bildirib ki, İrana “yaşamaq üçün hər hansı imkan” yaradan banklar, şirkətlər, hava limanları və ya dövlət qurumları ağır iqtisadi nəticələrlə üzləşəcəklər. O; neft qaçaqmalçılığı, valyuta əməliyyatları, nağd pul köçürmələri, mübadilə büroları, gəmiçilik reyestrləri və gizli şirkətlərin əsas hədəflər olacağını vurğulayıb.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu təhdidlərin birbaşa Çinə tətbiq edilməsi Vaşinqtonun özünə baha başa gələ bilər.
“Ağ Ev bu yeni iqtisadi müharibə kampaniyasını Çinlə münasibətlərindən üstün tutmağa hazırdırmı? Əgər belədirsə, nəticələr çox ağır olacaq”, – deyə “Bloomberg”in iqtisadi təhlilçisi Kris Kennedi bildirib.
Si Cinpinin səfəri öncəsi yüksək risk
Bu addım Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ-yə gözlənilən səfəri fonunda xüsusilə riskli hesab olunur. Onun gələn aya planlaşdırılan səfəri Çin liderinin son on ildə Vaşinqtona ilk səfəri olacaq.
Pekin isə Vaşinqtonun tələblərini yerinə yetirmək niyyətində olmadığını artıq bəyan edib. Çin Xarici İşlər Nazirliyi Trampın təhdidlərini qəbuledilməz sayaraq, İranın ticarət tərəfdaşlarına qarşı iqtisadi müharibənin böhranın həllinə töhfə verməyəcəyini bildirib.
Sanksiyalar üzrə ekspert Brett Eriksonun sözlərinə görə, Tramp administrasiyasının heç bir təklifi Si Cinpini geri addım atmağa məcbur edə bilməz. Çin artıq cavab vermək imkanlarını nümayiş etdirib – Pekinin nadir torpaq metallarının ixracına qoyduğu məhdudiyyətlər əvvəllər Ağ Ev geri çəkilməyə məcbur etmişdi.
Digər tərəfdaşlar və “kölgə” maliyyə şəbəkələri
ABŞ-nin strategiyası İranın əsas gəlir mənbəyi olan neft sektorunu hədəf alır. İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemmətinin sözlərinə görə, məhdudiyyətlər səbəbindən ölkənin neft ixracı faktiki olaraq dayanıb.
Çinlə yanaşı, BƏƏ, Türkiyə və Hindistan da ABŞ-nin artan təzyiqi ilə üz-üzədir:
BƏƏ Uzun müddət İranın əsas ticarət qapısı olub. Lakin bu həftə Əbu-Dabi Tehranın ölkəyə raket zərbələri endirməsindən sonra İranla iqtisadi əlaqələri kəsdiyini elan edib. Türkiyə NATO üzvü olmasına baxmayaraq, Çindən sonra İran ixracatının ən böyük alıcısıdır. Hindistan əsasən qida və dərman təchizatı vasitəsilə İranla ticarətdə mühüm rol oynayır.
Bundan əlavə, Tehran neft gəlirlərini geri qaytarmaq üçün BƏƏ və İraqdakı mübadilə məntəqələrindən istifadə edir. Ödənişlər çox vaxt Çin yuanı ilə olunur və daha sonra daxili bazarda istifadə edilən valyutaya çevrilir.
Ekspertlər Vaşinqtonun İranın qonşuları ilə coğrafi və tarixi iqtisadi əlaqələrini tamamilə kəsə biləcəyinə şübhə ilə yanaşırlar. ABŞ Maliyyə Nazirliyinin keçmiş rəsmisi Kler O’Nil Makkleski qeyd edir ki, şifahi təhdidlər digər ölkələrin davranışını dəyişməyəcək və üçüncü ölkələr Ağ Evin real niyyətini yalnız konkret bank və ya şirkətlər sanksiyaya məruz qaldıqdan sonra anlayacaqlar./azpolitika.info
