Politoloq Fərhad Məmmədov Ermənistan Baş nazirinin parlamentdə təsdiqlənməsi gözlənilən yeni Hökumət Proqramını təhlil edib.
Ekspertin şərhini təqdim edirik:
“Ermənistan hökumətinin qarşıdakı beşillik fəaliyyətini əhatə edən 2026–2031-ci illər üzrə Hökumət Proqramı İrəvanın gələcək strategiyası barədə mühüm ipuçları verir. Sənədin preambulasında postseçki dövrünün “Dördüncü Respublika” kimi səciyyələndirilməsi və ərazinin 29 743 kvadratkilometr çərçivəsində göstərilməsi “Real Ermənistan” ideyasının rəsmi xəttə çevrildiyini nümayiş etdirir.
Proqramda Azərbaycanla münasibətlər məsələsi bir neçə müstəvidə yer alıb. Bunlara sülh sazişinin imzalanması və ratifikasiyası, sərhədlərin müəyyənləşdirilməsi, TRIPP layihəsinin reallaşdırılması, həmçinin vətəndaş cəmiyyəti, işgüzar dairələr və energetika sahəsində əməkdaşlıq daxildir. Eyni zamanda, yeni Konstitusiya layihəsinin müzakirəsi və referenduma çıxarılması məsələsi də sülhün institusionallaşdırılması kontekstində qeyd olunur.
Diqqətçəkən məqamlardan biri xarici siyasətdə “regionçuluq” prinsipinin seçilməsidir. Sənəddə bu anlayış “xarici dəstək olmadan öz ətrafında rahat yaşamaq” kimi izah olunur. Türkiyə ilə sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması və iqtisadi əməkdaşlıq prioritetlər sırasındadır. İran, Gürcüstan, Aİ, ABŞ, Çin və Fransa ilə münasibətlərdə “strateji tərəfdaşlığın dərinləşdirilməsi” vurğulansa da, Rusiya bölməsində “strateji” terminindən imtina olunub, yalnız tərəfdaşlığın transformasiyası nəzərdə tutulub. Həmçinin hərbi sahədə Rusiya hərbi bazası və birləşmiş HHM sisteminin adı çəkilmir, sərhəd xidmətinin isə yenidən təşkil olunacağı qeyd edilir.
Aİ ilə inteqrasiya məsələlərinə və standartların tətbiqinə toxunulsa da, sənəddə Aİ-yə üzvlük hədəfi yer almır. İrəvan MDB və ŞTİ formatlarında qalmağı, eyni zamanda kilsə islahatları, AES-in gələcəyi (2027-ci ilin sonuna qədər qərar) və nəqliyyat kommunikasiyalarının yenidən qurulmasını qarşıya məqsəd qoyub.
Ümumilikdə, bu sənəd Ermənistan hökumətinin növbəti beş ildəki istəklərini əks etdirir. Ancaq bu hədəflərdən hansının reallığa çevriləcəyini zaman göstərəcək.”
