“Cəmiyyətimiz Ukraynadakı neonasist rejimi ilə, xüsusən də tərəfdaşlarımız və müttəfiqlərimiz tərəfindən edilən hər hansı bir yaxınlaşmanı qəti şəkildə rədd edir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bu, həm dövlət qurumlarının, həm də rus cəmiyyətinin mövqeyidir…
Zaxarova bu açıqlamanı Volodimir Zelenskinin Ukrayna üçün Azərbaycan və Ermənistanla münasibətlərin vacibliyi barədə son fikirlərinə münasibət bildirərkən verib. Zelenski deyib ki, Ukrayna özünün Rusiya işğalına qarşı mübarizəsi ilə digər postsovet ölkələrinin də müstəqilliyinə töhfə verir. O, həmçinin Azərbaycanla münasibətlərin gücləndirilməsinin zəruriliyindən danışıb və “uzun müddətdən sonra” Ermənistanla əlaqələrin bərpasını vurğulayıb.
Zaxarova Zelenskinin bu fikirlərinin Kremldə qıcıq yaratdığını gizlətməyib. Üstəlik, bu qanlı müharibəni məhz Rusiyanın başlatdığını “unudaraq”, Ukraynanı Rusiya infrastrukturuna hava hücumlarına görə ittiham edib və digər dövlətlərin də buna görə Kiyevi qınamalı olduğunu bildirib: “Bizim Kiyev rejimininin neonasist mahiyyətini anlayan və onun terror hücumlarının hədəfi olan vətəndaşlarımız sual verirlər: bəs müttəfiq, tərəfdaş, dost olan ölkələrin rəsmi nümayəndələri, dövlət qulluqçuları və siyasi xadimlər necə olsun, onlar bütün bunları görmürlərmi?”
Əlbəttə ki, Azərbaycan başda olmaqla, Rusiyanın qonşuları hər şeyi yaxşı görürlər. Görürlər ki, bu işğalçılıq müharibəsini kim başlayıb, işğalçı və işğala məruz qalan tərəf kimdir, dinc şəhərləri, mülki əhalini bombalamağı, qışın ortasında insanları işıqsız, istiliksiz qoymaq üçün elektrik stansiyalarını, şəbəkələri, enerji infrastrukturunu məhv etməyə əvvəlcədən kim çalışıb və çalışmaqda davam edir. Onu da görür və bilirlər ki, Ukrayna işğala və amansız hücumlara məruz qalan ölkə kimi adekvat cavab haqqına malikdir…
Zaxarovanın siyasi manipulyasiyası bununla bitməyib. O, Rusiyaya qonşu və “dost” ölkələrin rəsmilərinin Ukraynaya səfər etməsini də açıq şəkildə pisləyib: “Əlbəttə ki, biz Kiyevə səfərləri və ölkəmizdə hər gün mülki hədəfləri atəşə tutan, rus mülki şəxsləri öldürən neonasist terrorçu liderlərlə qardaşlığı pisləyirik. Yeri gəlmişkən, Sovet İttifaqının bütün respublikalarından, bütün millətlərdən olan milyonlarla Sovet vətəndaşı məhz həmin Hitler Almaniyası üzərində qələbə üçün canlarını fəda ediblər”.
Göründüyü kimi, keçmiş SSRİ xalqlarının nümayəndələrinin Hitler Almaniyası üzərində qələbədə verdiyi qurbanlar Kremlin yadına yalnız özünə sərf edəndə düşür. Ancaq Zaxarova müasir Rusiyada həmin xalqların nümayəndələrinə qarşı ayrıseçkilik, yuxarıdan aşağı münasibət, hətta repressiyalar səviyyəsinə çatan rəsmi siyasət və hüquq-mühafizə orqanlarının özbaşınalıqları(Ötən il Yekaterinburqda azərbaycanlıların qətlə yetirilməsi və həmvətənlərimizə qarşı kütləvi repressiyaları yada salmaq kifayətdir-red.) barədə əlbəttə ki, danışmaq istəmir…
Ardınca Zaxarova bir qədər də uzağa gedərək, müstəqil ölkələrin xarici siyasətinə açıq müdaxilə edir, onlara kiminlə münasibət qurub-qurmamaq barədə göstəriş verməyə çalışır: “Ukrayna xuntasının nümayəndələrini qəbul etməyin, onlarla birlikdə siyasiləşdirilmiş qondarma görüşlərdə iştirak etməyin və hətta Rusiyaya qarşı təhdidlər səsləndirmək üçün onlara platforma təqdim etməyin nəyə lazım olduğunu anlamaq olmur… Biz bunları görməzdən gəlməyəcəyik. Onlar özlərinə hesabat verməli və belə hərəkətlərin, o cümlədən ölkəmizlə münasibətlər kontekstində yarada biləcəyi risklərdən tam xəbərdar olmalıdırlar”.
Göründüyü kimi, Zaxarova Ukrayna ilə əlaqələr quran, qarşılıqlı səfərlər edən qonşu ölkələri açıq şəkildə təhdid edir. Bütün bunlar onun tərəfindən Zelenskinin Azərbaycan və Ermənistanla əlaqələr barədə dediklərinin kontekstində səsləndirilir. Deməli, bu açıqlamanın kimləri hədəf aldığı da aydındır…
Ancaq çoxdan diplomatlıqdan çıxaraq primitiv təbliğatçıya çevrilən Zaxarova, onun şefi Segey Lavrov və onların təmsil etdiyi Kreml qüllələri istəsə də, istəməsə də qəbul etməlidir ki, Azərbaycan müstəqil, suveren ölkədir, öz xarici siyasətini, kiminlə necə münasibət qurmalı olduğunu da özü müəyyən edir! Azərbaycan Prezidentinin Rusiya Prezidentini qəbul etdiyi kimi, ərazi bütövlüyünü və suverenliyini tanıdığı Ukraynanın başçısını da ölkəmizdə qəbul etməsi tamamilə normaldır və Azərbaycanın doğal haqqıdır!
Azərbaycan XİN başçısının Moskvaya səfər etdiyi kimi, Kiyevə, Ankaraya, Vaşinqtona və s. paytaxtlara səfər etməsi də Bakıda müəyyən edilir, Moskvada, yaxud başqa mərkəzlərdə yox! Zaxarovalar, lavrovlar, zatulinlər, solovyovlar və s. bütün bunları nə qədər tez anlayıb qəbul etsələr, bir o qədər yaxşıdır. Çünki ölkələrimiz arasında imzalanmış rəsmi anlaşamalara riayət olunması, normal, bərabər hüquqlu qonşuluq və tərəfdaşlıq münasibətlərinin qurulması üçün bu adi həqiqətləri qəbul etmək əsas şərtdir!/azpolitika.info
