Prezidenti Donald Tramp Avropa İttifaqının Kanada ilə münasibətləri yaxınlaşdırmaq planlarına sərt reaksiya verib. Tramp Kanadaya assosiativ üzv statusunun verilməsi ehtimalını “gülünc” adlandıraraq, Avropanı çox ciddi gömrük tarifləri tətbiq etmək və ya ticarəti məhdudlaşdırmaqla hədələyib. Onun sözlərinə görə, təşəbbüsün “pis niyyət”li olduğu qənaətinə gəlsə, Avropaya qarşı yüksək gömrük rüsumları tətbiq edə və ya bəzi istiqamətlər üzrə ticarəti dayandıra bilər.
Bəs görəsən, bu addımı Trampın Avropaya “iqtisadi müharibəsi” kimi xarakterizə etmək olar? Tramp yüksək gömrük faizləri tətbiq etsə, Qərbi hansı çətinliklər gözləyə bilər?
Mövzu ilə bağlı danışan politoloq Oqtay Qasımovun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın əsas iqtisadi alətlərindən biri tarif siyasətidir.
“Tramp hakimiyyətə gəldikdən sonra dünyanın bir sıra ölkələrinə qarşı gömrük tarifləri tətbiq edib və bu siyasət beynəlxalq ticarətdə ciddi müzakirələrə səbəb olub. Hazırda ABŞ-ın Kanada və Avropa ölkələri ilə münasibətlərində də tarif məsələsi xüsusi əhəmiyyət daşıyır. Trampın Avropadan idxal olunan məhsullara əlavə tariflər tətbiq etmək niyyəti Vaşinqtonun Qərb ölkələrinə təzyiq vasitələrindən biri kimi qiymətləndirilir. Lakin tarif siyasətinin təsirləri yalnız qarşı tərəflə məhdudlaşmır. Belə qərarlar qarşılıqlı iqtisadi asılılıq səbəbindən həm ABŞ, həm də onun ticarət tərəfdaşları üçün müəyyən nəticələr yarada bilər. Bu baxımdan tariflərin tətbiqi yeni iqtisadi və siyasi gərginliklərə yol açacaq”.
Politoloqun sözlərinə görə, ABŞ-ın Avropa mallarına tətbiq etmək istədiyi tariflər Avropa iqtisadiyyatına əlavə yük yaradacaq:
“Eyni zamanda, bu addımlar Avropa ölkələrinin Vaşinqtonla iqtisadi və siyasi münasibətlərində fikir ayrılıqlarını dərinləşdirə bilər. ABŞ-Kanada münasibətlərində də tarif məsələsi əsas mübahisə mövzularından biri olaraq qalır. Bununla yanaşı, Qrenlandiya məsələsi ətrafında yaranan fikir ayrılıqları Vaşinqtonla Avropa arasında siyasi münasibətlərə də təsir göstərir. Xüsusilə, Avropa ölkələrinin Trampın Qrenlandiya ilə bağlı mövqeyinə etiraz etməsi tərəflər arasında gərginliyin artmasına səbəb olub. Beləliklə, tarif siyasəti Tramp administrasiyası üçün yalnız iqtisadi deyil, həm də beynəlxalq münasibətlərdə təsir və təzyiq vasitələrindən biri olaraq ön plana çıxır”./azpolitika.info
