Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfəri gözlənilir. Türkiyə liderinin Bakıda keçiriləcək bayram tədbirlərində iştirakı iki ölkə arasındakı strateji müttəfiqliyin növbəti nümayişi olacaq. Xüsusilə, indiki geosiyasi şəraitdə bu səfər təkcə qardaşlıq münasibətlərinin deyil, həm də Ankara və Bakının ortaq siyasi iradəsinin nümayişi kimi diqqət çəkir.
Bəs Ərdoğanın “Zəfər Günü”ndə Azərbaycanda olması regiona hansı mesajları verəcək? Bu səfər iki ölkənin birliyindən narahat olan qüvvələrə hansı xəbərdarlıq kimi qiymətləndirilə bilər?
Mövzu ilə bağlı danışan politoloq Faiq Ələkbərlinin sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətlərində müəyyən gərginliyin müşahidə olunduğu bir vaxtda Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərə hazırlaşması çox sevindirici bir haldır: “Özünün də açıqladığı kimi, “Zəfər Günü” Ərdoğan bu düşüncəsini gerçəkləşdirməyi planlaşdırır. Biz Azərbaycan-Türkiyə münasibətlərinin daha da yüksək səviyyədə olacağını düşündüyümüz halda bu cür gərginliklərin yaranması nəinki iki dövlət, həmçinin bütün Türk dünyası üçün zərərlidir. Demək olar ki, Türk dünyasında ən yüksək münasibətlər məhz Türkiyə və Azərbaycan arasında mövcuddur. Bu, “Şuşa Bəyannaməsi” ilə də təsdiqlənib. Burada təkcə iqtisadi, siyasi, mədəni deyil, hətta hərbi müttəfiqlik münasibətləri də öz əksini tapır. Biz bu hərbi müttəfiqliyi daha da gücləndirməliyik. Eləcə də “Bir millət, iki dövlət” ifadəsini, “Bir millət, yeddi dövlət” fəlsəfəsinə qədər gücləndirməliyik. Ona görə də, Ərdoğanın Cənubi Kareyaya səfəri zamanı təyyarədən verdiyi mesajlar, həm də “Zəfər Günü” ilə bağlı Azərbaycana gəlməyə hazırlaşması çox normaldır və bunun gerçəkləşəcəyinə ümidvarıq”.

Politoloqun sözərinə görə, dövlətlər arasında müəyyən fikir ayrılıqlarının olması normaldır: “Ancaq Azərbaycan və Türkiyə bir-birinə çox yaxın ölkələrdir. Məhz Ərdoğanın gəlişindən sonra müəyyən anlaşılmazlıqlar və narazılıqlar aradan qaldırılacaq, bir çox məsələlər öz həllini tapacaq. Biz daha güclü bir birliyə nail olacağıq. Xüsusən, Türk Dövlətləri Təşkilatının güclənməsi üçün bu, çox vacibdir. Əslində iki Türk dövlətinin bu kimi problemlər yaşaması bütövlükdə Türk Dövlətləri Təşkilatına da mənfi təsir göstərir. Bu baxımdan ümid edirik ki, Ərdoğanın səfəri ilə bir çox məsələlər öz həllini tapacaq və münasibətlər müsbət istiqamətə yönələcək”./azpolitika.info
