2027-ci il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərinə tətbiq olunan gəlir vergisinin dərəcələrində dəyişiklik ediləcək.
Məlumata görə, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər çərçivəsində yeni vergi dərəcələri 2027-ci il ərzində tətbiq olunacaq.
Belə ki, aylıq vergiyə cəlb olunan gəliri 2500 manata qədər olan şəxslər gəlirlərinin 5 faizini vergi kimi ödəyəcəklər.
Aylıq gəliri 2500 manatdan 8000 manatadək olan şəxslər üçün isə vergi 125 manat təşkil edəcək. Bundan əlavə, 2500 manatı aşan gəlirin 10 faizi də vergi hesablanmasına daxil ediləcək.
Gəliri 8000 manatdan yuxarı olan şəxslər isə 675 manat sabit məbləğlə yanaşı, 8000 manatdan artıq hissənin 14 faizini gəlir vergisi kimi ödəyəcəklər.
Yeni qaydaların 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədə olması nəzərdə tutulur.
Bəs maraqlıdır, bu dəyişiklik çalışanlar üçün nə anlam ifadə edir?
Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində bildirib ki, qeyri-dövlət, qeyri-neft sektorunda çalışan özəl şirkətlərin əməkdaşları üçün tətbiq edilən vergi güzəşti 2019-cu ilin əvvəlindən 2025-ci ilin sonunadək qüvvədə olub və 2026-cı il yanvarın 1-dən etibarən üç il ərzində mərhələli şəkildə ləğv edilir.
X. Kərimli qeyd edib ki, 2019-cu ilə qədər vergilər 14 faiz təşkil edib.
Onun sözlərinə görə, yeddi illik güzəşt tətbiq edilərkən bu 14 faizin 7 faizi vətəndaşın pensiya fonduna ödəniş kimi saxlanılıb, digər 7 faiz isə vətəndaşa güzəşt edilib: “Bu dövrdə dövlət demək olar ki, vətəndaşdan gəlir vergisi almadı və 7 faiz də vətəndaşa güzəşt edildi. Burada müxtəlif səbəblər var idi, həm sosial məsələlər var idi, vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılması, eyni zamanda əsas məqsədlərdən biri şəffaflıq idi ki, vergidən yayınan özəl biznes subyektləri verginin az olmasını nəzərə alaraq rəsmi uçota qayıtsınlar, əmək haqqı şəffaflaşdırılsın, leqallaşdırılsın”.

İqtisadçı bildirib ki, güzəşt dövrü 2026-cı ilin yanvarından başa çatıb. Onun sözlərinə görə, həmin tarixdən 7 faizin birdəfəlik geri qayıtması gözlənilsə də, prosesin mərhələli şəkildə həyata keçirilməsinə qərar verilib: “Hökumətin təşəbbüsü əsasında Vergi Məcəlləsinə dəyişiklik edildi və 2026-cı il üçün əlavə ediləcək 7 faizdən 3 faizi, 2027-ci il üçün əlavə 2 faizi, 2028-ci il üçün isə yenə də əlavə 2 faiz vergi artırılmaqla 2019-cu ilin, 2009-cu ildən əvvəlki dövrdəki vergi rejiminə qayıdıldı”.
X. Kərimli bildirib ki, özəl sektorda çalışan və 2500 manata qədər maaş alan şəxslər əmək haqlarının 3 faizi qədər vergi ödəyirdilərsə, bu rəqəm 5 faizə yüksələcək: “Yəni, əlavə 2 faiz vergi yükü yaranmış olacaq. Bu, təqribən 2000 manat əmək haqqı alan şəxs üçün əlavə 2 faiz yəni, 40 manat deməkdir. 3 faiz isə onsuz da, 2026-cı ilin yanvarın 1-dən vətəndaşın əmək haqqısından tutulub dövlət büdcəsinə ödənilirdi”.
X. Kərimli vurğulayıb ki, söhbət yeni tətbiq edilən qaydadan deyil, daha əvvəl qəbul edilmiş və 2026-cı ildən mərhələli şəkildə qüvvəyə minən dəyişiklikdən gedir: “Bu, dövlət tərəfindən bizneslərə, vətəndaşlara təqdim edilmiş müvəqqəti güzəştdir. 2028-ci ildə proses bitəndən sonra vətəndaşın əmək haqqından tutulan vergilər 5 faizə çatmış olacaq. Yəni, burada məsələ 7 faiz gəlir vergisi, 10 faiz pensiya fonduna ödənişlər, 2 faiz icbari tibbi sığorta fonduna ödəniş, sonda isə 5 faiz işsizlik fonduna ödəniş kimi yekunlaşacaq”.
Vergi dərəcəsinin artmasının vətəndaşın gəlirlərinə təsirinə toxunan X. Kərimli bildirib ki, bu dəyişiklik nəticəsində maaşdan tutulan məbləğ artacaq.
İqtisadçı hesab edir ki, nəticədə vətəndaşın xərcləyə biləcəyi vəsait müəyyən qədər azlsa da, dövlətin isə əlavə vergi gəlirləri artacaq. /azpolitika.info
