Bakı–Balakən sərnişin qatarının səsi neçə vaxtdır Balakən tərəfdən eşidilmir. Halbuki bu qatar bölgə insanı üçün sadəcə nəqliyyat vasitəsi deyildi. Rahat idi, münasib idi, təhlükəsiz idi. Ən başlıcası isə paytaxtla Azərbaycanın ən gözəl turizm bölgələrindən birini birləşdirirdi.
Rəsmi səbəb məlumdur: sel nəticəsində Qax–Balakən dəmir yolu sahəsinə ziyan dəyib və təhlükəsizlik məqsədilə qatarların hərəkəti dayandırılıb.
Yaxşı, bəs sonra?
Təmir nə yerdədir? Qatar nə vaxt qayıdacaq?
Balakən camaatı bu sadə sualların cavabını gözləyir.
Çünki “müvəqqəti dayandırılıb” ifadəsi artıq özü də sual doğurur. Müvəqqəti nə qədərdir? Bir ay? Üç ay? Altı ay?
Bölgənin turizm mövsümü gedir, sahibkar narahatdır, sərnişin narahatdır, rayon ictimaiyyəti narahatdır. Paytaxtdan Balakənə gəlmək istəyən adam yenidən alternativ nəqliyyat axtarmalı olur.
Ən maraqlısı isə budur: bu qədər narahatlıq olduğu halda niyə cəmiyyətə konkret və aydın məlumat verilmir?
Görəsən, məsələ doğrudanmı yalnız selin dağıtdığı relslərdən ibarətdir?
Yoxsa Bakı–Balakən qatarı hansısa başqa maraqların arasında itib-batıb?
Görəsən, hansısa məmurun və ya məmurcuğun şəxsi marağı bu marşrutun taleyinə təsir edə bilərmi?
Bu, ittiham deyil. Amma cavablandırılması vacib olan jurnalist sualıdır.
Əgər ortada yalnız texniki problem varsa, açıqlansın. Hansı sahə zədələnib, nə qədər vəsait lazımdır, işlər hansı mərhələdədir və qatarın relsə qayıtması üçün hansı tarix nəzərdə tutulur – bunlar ictimaiyyətə deyilsin.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu məsələyə aydınlıq gətirsə, yaxşı olar.
Çünki Balakən ucqar bir ünvan deyil. Balakən Azərbaycanın turizm qapılarından, şimal-qərb bölgəsinin mühüm mərkəzlərindən biridir.

Və bu bölgənin paytaxtla rahat dəmir yolu əlaqəsi olmalıdır.
Balakən camaatının istədiyi də çox şey deyil:
Camaat qatarını istəyir.
Cavabını istəyir.
Konkret tarix istəyir.
Bəs görəsən, qatar nə vaxt yenidən fit verəcək?
Yoxsa Balakən qatarının fitini də çoxdan eşidilməyən səslər sırasına yazmalıyıq?/”Mediatvaz.com”
P.S. Gözləyək! Yazının ardı gələcək!
