Azərbaycanda bank müştərilərinin eyni kateqoriyaya aid ödəniş kartlarından istifadəsi ilə bağlı yeni məhdudiyyət tətbiq edilir. Belə ki, bir sıra banklar eyni valyutada eyni tipdən olan ikinci kartın sifarişini artıq qəbul etmir, bəzi banklarda isə bu qaydanın oktyabrın 1-dən qüvvəyə minəcəyi bildirilir.
Məlumata görə, banklara bu məsələ ilə bağlı müvafiq təlimatlar göndərilib. Yeni yanaşmaya əsasən, məsələn, vətəndaşın eyni valyutada aktiv debet kartı varsa, həmin kateqoriyadan ikinci kart əldə etməsi məhdudlaşdırıla bilər. Fərqli valyutada isə əlavə debet kartının sifarişinə imkan qalır.
Məsələyə aydınlıq gətirən Azərbaycan Banklar Assosiasiyası (ABA) bildirib ki, tətbiq olunan qaydalar ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına risk əsaslı yanaşmanı nəzərdə tutur.
Assosiasiyanın açıqlamasına görə, əməkhaqqı, pensiya və sosial ödənişlər üçün nəzərdə tutulan kartlar, sahibkarlıq hesablarına bağlı kartlar və depozit hesablarına bağlı kartlar bu yanaşmadan istisnadır. Digər ödəniş kartlarında isə baza qaydası olaraq hər bir kart məhsulu üzrə milli valyutada bir, hər bir xarici valyutada isə bir ödəniş kartının nəzərdə tutulması müəyyən edilib.
ABA vurğulayıb ki, bu limitlər sərt və dəyişməz xarakter daşımır. Müştəri kartdan istifadə məqsədini əsaslandıra, əməliyyatlarının profilinə uyğunluğunu göstərə və vəsaitlərin qanuni məqsədlər üçün istifadə olunduğuna dair əsaslar təqdim edə bildiyi halda, bank həmin müştəri üçün müəyyən edilmiş limitləri artıra bilər.
Qeyd olunur ki, yeni yanaşmanın məqsədi vətəndaşların kart istifadəsini məhdudlaşdırmaq deyil. Əsas hədəf bankların riskləri daha səmərəli idarə etməsi və ödəniş sistemində daha təhlükəsiz və dayanıqlı mühitin formalaşdırılmasıdır.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “AzPolitika”ya şərhində Azərbaycanda bankların vətəndaşlara eyni kateqoriyaya aid kartların birdən artıq satışına qoyulan məhdudiyyətlə bağlı danışarkən bu qərarın hansı qurum tərəfindən qəbul edildiyinin rəsmi açıqlanmadığını bildirib.
Ekspert qeyd edib ki, son vaxtlar Azərbaycanda belə qeyri-adi hallar baş verir: “Heç kəs hələ ki, rəsmi açıqlama verməyib ki, bu qərarı hansı qurum qəbul edib. Azərbaycanda son vaxtlar belə qeyri-adi şeylər baş verir. Bir neçə il əvvəl başladı bu. Birincisi, xarici valyutanın alınmasına vətəndaşlar üçün illik limit qoydular – 20 min manat. Soruşanda ki, bunu kim qoyub, heç bir dövlət orqanı məsuliyyəti üzərinə götürmədi. Sonra dedilər ki, banklar edir. Sonra bu yaxınlarda kartdan-karta pul ödənişlərinə məhdudiyyət qoydular. Bunu da heç bir dövlət orqanı üzərinə götürmədi. Sonra bəlli oldu ki, Banklar Assosiasiyasının, Fintex Assosiasiyasının birgə qərarıdır. Yəni, hər ikisi də qeyri-hökumət təşkilatıdır”.
“İndi də bunu deyirlər. Yəni, banklar özləri birləşirlər, özləri-özlərinə məhdudiyyət qoyurlar. Bu da gülməli görünür. Amma əlbəttə ki, bu, həm də gülməli bir vəziyyət deyil. Heç bir kommersiya strukturu, xüsusən də bank özü-özünə məhdudiyyət qoymaz. Bank niyə özünə məhdudiyyət qoysun?”, -deyə ekspert qeyd edib.
Ekspert qeyd edib ki, bütün bunlar hansısa dövlət qurumları tərəfindən edilir: “Bu da onu göstərir ki, Azərbaycanda bank sistemi inzibati orqanlar kimi fəaliyyət göstərir. Məqsəd də odur ki, bəzi qurumlar öz işlərini asanlaşdırırlar, nəzarət mexanizmlərini gücləndirirlər…”.
E. Bəyməmmədli
“AzPolitika.info”
