Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya qanunvericiliyinə gözlənilən köklü dəyişiklikləri təqdim edib. Təklif olunan layihə deputatlar, vəzifəli şəxslər, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri, Ombudsman, Hesablama Palatasının üzvləri, diplomatlar və inzibati vəzifə tutan dövlət qulluqçularının pensiya təminatında tamamilə yeni mexanizmin tətbiqini nəzərdə tutur.
Bəs xüsusi şərtlərlə pensiya alan bu kateqoriyadan olan şəxslər üçün nə dəyişir? Bu dəyişiklik onların pensiya məbləğinə necə təsir edəcək?
Məsələnin mahiyyətini və mövcud sistemlə fərqlərini təhlil etdik.
Əmək haqqı asılılığından “sığorta kapitalı”na keçid
Hazırda qüvvədə olan qaydaya görə, bu şəxslərin pensiyası birbaşa tutduqları vəzifənin fəaliyyətdə olan əmək haqqı ilə bağlı idi. Dövlət qulluqçusu və ya deputat pensiyaya çıxdıqdan sonra həmin vəzifənin maaşı artdıqda, onların da pensiyası avtomatik olaraq yenidən hesablanıb artırılırdı. Yəni əmək haqqı ilə pensiya arasında birbaşa zəncirvari əlaqə var idi.
Yeni layihədə nə dəyişir? Pensiya ilə əməkhaqqı arasındakı bu birbaşa əlaqə ləğv edilir. Bütün digər vətəndaşlarda olduğu kimi, bu kateqoriyadan olan şəxslərin də pensiyası fərdi şəxsi hesabda toplanmış pensiya kapitalı əsasında hesablanacaq.
Pensiya əlavəsi: Staj faizindən “konkret vəzifə əlavəsi”nə keçid
Hazırda qüvvədə olan qaydada xüsusi şərtlərlə pensiyaya çıxanlara qulluq stajına görə (vəzifədə işlədiyi illərin sayına uyğun faizlə) pensiya əlavəsi verilirdi.
Yeni layihədə isə qulluq stajına görə verilən faizli əlavə ləğv olunur. Bunun əvəzinə inzibati vəzifələrin təsnifatı və konkret vəzifələr üzrə müəyyən edilən aylıq sabit pensiya əlavəsi ödəniləcək. Yəni sabiq deputat, ombudsman və ya diplomat topladığı kapitala görə əsas pensiyasını, üzərinə isə tutduğu konkret vəzifəyə uyğun sabit aylıq əlavəni alacaq.
Deputatların pensiyası azalacaq, yoxsa yüksək qalacaq?
Bu dəyişiklik deputatların və yüksək vəzifəli dövlət qulluqçularının pensiyalarının kəskin azalması və ya onların sıravi vətəndaş səviyyəsində pensiya alması demək deyil. Onlar gələcəkdə də nisbətən yüksək pensiya almaqda davam edəcəklər. Çünki xidmət illərində aldıqları yüksək maaşdan fərdi hesablarına köçürülən sığorta kapitalı böyük olur, üzərinə də konkret vəzifə üzrə tətbiq olunacaq sabit aylıq əlavə gəlir.
Bəs yeni sistem nəyi dəyişir? Yeni mexanizm deputat və dövlət qulluqçularının pensiya artımındakı “sərhədsiz zəncirvari artımı” əngəlləyir. İndiyədək fəaliyyətdə olan deputatın maaşı qalxan kimi pensiyadakı sabiq deputatın da pensiyası avtomatik artırdı. Yeni sistemdə bu bağ qoparılır. Keçmiş deputatın və ya dövlət qulluqçusunun pensiyası fəaliyyətdə olanların maaş artımına görə deyil, ölkə üzrə ümumi pensiya indeksasiyası qaydalarına uyğun olaraq artacaq.

Proaktiv (elektron) təyinat
Hazırda qüvvədə olan qaydaya görə dövlət qulluqçuları və ya deputatlar pensiya hüququ qazandıqda iş yerindən, arxivlərdən və müvafiq qurumlardan xidmət stajı və əməkhaqqı barədə kağız sənədlər toplayıb Sosial Müdafiə Fonduna təqdim etməli olurdular.
Yeni qanun qəbul olunduqdan sonra isəpensiyanın fərdi hesabda toplanan kapitala və konkret vəzifə təsnifatına keçirilməsi sayəsində sənəd toplamağa ehtiyac qalmayacaq. Pensiya təyinatı heç bir ünvana getmədən, tam elektron (proaktiv) qaydada həyata keçiriləcək.
Beləliklə, təklif olunan bu dəyişiklik ölkənin pensiya sistemində vahid sığorta-kapital prinsiplərinin tam bərqərar olunması deməkdir. Dövlət xüsusi statuslu şəxslərin (deputatlar, diplomatlar, dövlət qulluqçuları) pensiya təminatını mülki şəxslərin pensiya modeli ilə eyniləşdirir. Bu addım bir tərəfdən pensiya təyinatında sənədləşməni və bürokratiyanı aradan qaldırır, digər tərəfdən isə dövlət büdcəsindən xüsusi şərtlərlə ödənilən pensiyaların idarəolunmasını daha şəffaf və proqnozlaşdırılan çərçivəyə salır./azpolitika.info
