Prezident İlham Əliyevin sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin, Hacıbaba Adil oğlu Babayev isə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Naftalan Şəhər İcra Hakimiyyətinin yeni başçısının dosyesini təqdim edirik:
Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub. 2005-2009-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitet) beynəlxalq hüquq fakültəsində hüquqşünas ixtisası üzrə bakalavriat təhsili alıb.
2009-2011-ci illərdə Böyük Britaniyanın London şəhərində Regents Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb. 2015-2017-ci illərdə Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində iqtisadiyyat ixtisası üzrə magistr təhsili alıb və fərqlənmə diplomuna layıq görülüb. 2025-ci ildə ABŞ-ın Harvard Universitetinin dövlət idarəçiliyi strategiyasının icrası üzrə kursunu bitirib.
2013-2022-ci illərdə Xarici İşlər Nazirliyində, o cümlədən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda müxtəlif diplomatik vəzifələrdə, 2022-ci ilin iyul ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində – baş məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb.
Əmək fəaliyyəti dövründə bir çox yerli və xarici ölkələrdə keçirilən beynəlxalq səviyyəli tədbirlərin iştirakçısı və təşkilatçısı olmuş, o cümlədən 2024-cü ildə Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) göstərdiyi fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var.
Qaradağ Rayon İcra Hakimiyyətinin yeni başçısı Natiq Oruc oğlu Əliyev beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəkar təcrübəyə malik, tarix üzrə fəlsəfə doktorudur.O, 2007-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə həmin universitetdə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2015-ci ildə hüquq üzrə ikinci ali təhsil çərçivəsində magistratura pilləsini başa vurub.
Təhsil aldığı universitetdə pedaqoji fəaliyyətlə yanaşı, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının təsis olunmasında iştirak edib və idarəetmə heyətində təmsil olunub. Elmi-pedaqoji fəaliyyəti çərçivəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dərs deyib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında müxtəlif vəzifələrdə, 2021-ci ildən isə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
Cənubi Koreyada Koreya İnkişaf İnstitutunda və Harvard Universitetinin Kennedi adına Dövlət İdarəçilik Məktəbində dövlət idarəçiliyi üzrə proqramlarından məzun olub. Lozanna Federal Politexnik Məktəbinin (EPFL) şəhər infrastrukturunun idarə edilməsi proqramını tamamlayıb.
İngilis, rus, alman və türk dillərini bilir.
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı Hacıbaba Adil oğlu Babayev 01.01.1978-cı ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olmuşdur. 1985-1993-cü illərdə orta məktəbə getmişdir. 1996-cı ildə N.Rəfiyev adına Naxçıvan Şəhər Kənd Təsərrüfatı Texnikumunu Mühasibat uçotu ixtisası üzrə bitirmişdir. 1996-2000-ci illərdə Odlar Yurdu Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil almış, 2000-2002-ci illərdə Universitetin magistratura pilləsini, 2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetini “iqtisadiyyatı tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2003-cü illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əmək fəaliyyətinə 2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlamış, 26 yanvar 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışmış, 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə yiyələnmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 26 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Dövlət qulluqçusu kimi fəaliyyət dövründə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri tərəfindən müxtəlif vaxtlarda “Fəxri Fərman”lar və “Təşəkkürnamə”lərlə təltif edilmişdir. 15 oktyabr 2018-ci il tarixində “Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur.