Bayaq Əvəz Zeynallının vəfat xəbərini eşidəndə bir anlıq yazı masasının arxasında dayana bilmədim. Əllərim klaviaturanın üstündə qaldı, sözlər isə boğazımda düyünləndi…
Bəzən insan bir xəbəri oxuyur, amma ağlı həmin xəbərin gerçəkliyini qəbul etmək istəmir. Yenidən baxırsan, bir də oxuyursan… Bəlkə səhvdir, bəlkə yanlış məlumatdır deyə ümid edirsən. Amma xəbər qarşındadır — ağır, soyuq və amansız.
Əvəz Zeynallı bizim həmkarımız idi. Eyni peşənin içində çiyin-çiyinə addımladığımız, sözə, yazıya, jurnalistikaya ömrünü vermiş insanlardan biri…
Jurnalistika qəribə peşədir. Biz hər gün başqalarının ağrısını, sevincini, taleyini sözə çeviririk. Amma elə anlar gəlir ki, öz ağrımızı ifadə etməyə söz tapmırıq. Bu gün mənim üçün elə gündür.
Əvəz haqqında çox söz demək olar. Onun jurnalistikadakı yolundan, yazılarından, mübarizəsindən, həmkar kimi keçdiyi izdən danışmaq olar. Amma bu dəqiqə bütün bunların fövqündə bir həqiqət dayanır: bir həmkarımızı itirmişik.
Və insan itkinin qarşısında susur…
Bu gün mən Əvəz haqqında uzun-uzadı danışmaqdan çox, onun yoxluğunun yaratdığı boşluğu hiss edirəm. Dünən vardı… Bu gün isə adının qarşısında “mərhum” sözünü görmək belə adama ağır gəlir.
Jurnalistin ən böyük sərvəti sözüdür. Amma bəzi xəbərlər var ki, qarşısında söz də aciz qalır.
Bu xəbər mənim üçün də elə bir xəbər oldu.
Allah Əvəz Zeynallıya rəhmət eləsin. Ailəsinə, doğmalarına, yaxınlarına və bütün həmkarlarına səbir versin.
Bu gün sözlərimiz azdır…
Çünki söz boğazımızda düyünlənib.

Azər Nəcəfli, “AzerTaym.az”
